Neftçalada bu il 6 min hektardan çox sahədə pambıq əkiləcək

Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada uğurla icra edilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 23 min 41 ton məhsul istehsal edən rayon pambıqçıları bu mövsüm istehsalı 25 min tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq əkinçilər 6 min 728 hektar sahədə şum aparıb, sahələrə kifayət qədər üzvi gübrə verilib, şumlanmış sahənin 2 min 676 hektarı arata qoyulub. Həmçinin 1563 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb, səpin üçün lazım olan bütün texnika baxışdan keçirilərək hazır vəziyyətə gətirilib, kifayət qədər yüksək reproduksiyalı toxum sortları sifariş olunub. Yaxın vaxtlarda sahələrin malalanaraq səpin üçün hazırlanmasına başlanılacaq. Torpaqda normal temperatur yaranan kimi səpin kampaniyasına start veriləcək.