Naxçıvan Dövlət Universitetinin iki tələbəsi – Aysu Adıgözəlli və Ayxan Nəbizadə Macarıstan Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tələbələr Macarıstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilən Macarıstan HTP çərçivəsində təqaüd qazanaraq növbəti tədris ilində bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirmək hüququ qazanıblar.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qalib tələbələrdən olan Aysu Adıgözəlli ilə görüşüb. Rektor tələbələrin bu uğurunu yüksək qiymətləndirib, onların beynəlxalq təhsil mühitinə çıxış əldə etməsinin universitet üçün həm akademik, həm də strateji əhəmiyyət daşıdığını bildirib.
“Universitetimizin tələbələrinin beynəlxalq təqaüd proqramlarında uğurla iştirak etməsi bizim üçün qürurverici haldır. Bu, bir tərəfdən tələbələrimizin bilik və bacarıqlarının göstəricisidirsə, digər tərəfdən universitetimizin beynəlmiləlləşmə istiqamətində atdığı addımların real nəticəsidir”, – deyə rektor qeyd edib.
NDU-nun Beynəlxalq münasibətlər ixtisasının məzunu Aysu Adıgözəlli proqram çərçivəsində seçdiyi ixtisas, qəbul olduğu Macarıstan universiteti və gələcək planları barədə ətraflı məlumat verib. O, təhsilini uğurla başa vuraraq Azərbaycan təhsilinə, xüsusilə də Naxçıvan Dövlət Universitetinə töhfə vermək istədiyini vurğulayıb.
Sonda rektor Elbrus İsayev ona simvolik hədiyyə təqdim edib.
Qeyd edək ki, digər qalib tələbə Ayxan Nəbizadə NDU-nun İqtisadiyyat (tədrisi ingilis dilində) ixtisasının məzunudur. Hər iki tələbə Macarıstan Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Avropa ali təhsil sistemində bilik və bacarıqlar qazanmaq imkanı əldə edəcək. Eləcə də proqrama uyğun olaraq tələbələr təhsil haqqından azad olunacaq, onların yaşayış və digər əsas xərcləri təqaüd hesabına qarşılanacaq.