NDU-da Xalq artisti Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib

Naxçıvan Dövlət Universitetində “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr edilmiş konsert proqramı təşkil olunub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən böyük bəstəkar, mahir ifaçılıq imkanlarına malik skripkaçı, milli musiqiçi kadrların yetişməsində əməyi olan gözəl pedaqoq, professor, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, milli musiqimizi, incəsənətimizi, mədəniyyətimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim kimi tanınır.

Diqqətə çatdırılıb ki, sənətə və sənətkara yüksək diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına böyük diqqət göstərib, imzaladığı sərəncamlarla muxtar respublikada Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileyləri, eyni zamanda, bəstəkarın ulu babası Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi yüksək səviyyədə qeyd edilib. “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı və Naxçıvan Muxtar Respublikasının 85 illiyi münasibətilə təsis edilmiş qızıl medalı görkəmli bəstəkara təqdim edilib. Rektor bəstəkarın anadan olmasının 90 illiyi, yaradıcılıq fəaliyyətinin isə 70 illiyi münasibətilə təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıb, universitetin fəxri fərmanını və İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılovun çəkdiyi portreti Tofiq Bakıxanova təqdim edib.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, universitetin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Yaşar Xəlilov, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü həmin kafedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışlarında qeyd ediblər ki, Tofiq Bakıxanovun həyat və yaradıcılığında Naxçıvana olan məhəbbət xüsusi yer tutur. Naxçıvanı “Ulu və müqəddəs diyar” adlandıran bəstəkar, xüsusilə, son dövr yaradıcılığında məhz Naxçıvanla bağlı mövzulara geniş yer verib. Belə ki, bəstəkarın simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, Naxçıvana həsr olunmuş mahnıları (“Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” və başqaları) onun bu qədim diyara və qurucu rəhbərə olan məhəbbətinin ifadəsidir.

Tofiq Bakıxanov ona göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Tofiq Bakıxanovun əsərlərindən ibarət konsert proqramı nümayiş olunub. Beynəlxalq müsabiqələr laureatı Sevinc Kərimovanın müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Sahib Paşazadə tarda ifası ilə tamaşaçılara xoş ovqat bəxş edib. Konsertdə “Türk rapsodiyası”, “Görüş yerimiz”, “Xeyir və Şər” baletindən “Qəhrəmanın çalışması”, “Şərqdən gələn sədalar” məcmuəsindən “Səhər quşu”, “Solmuş qərənfil”, “Sevməyir, qoy sevməsin”, “Şərq poeması” baletindən “Qızlar rəqsi”, “Xeyir və Şər” baletindən rəqs, “Xatirə konserti” musiqiləri yüksək peşəkarlıqla ifa edilib.