Nazir müavini TURKOVAC-ın Azərbaycandakı sınaqlarından danışdı

TURKOVAC-ın sınaqlarının Azərbaycanda da aparılması istiqamətində danışıqlar aparılır.

Bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, işlərə yeni başlanılıb və Türkiyə ilə bu sahədə əməkdaşlıq edəcəyik:

“Tədqiqatlar Azərbaycanda da aparılacaq. Sınaqlara nə zaman başlanılacağı ilə bağlı konkret bir vaxt deyə bilmərəm. Bu, sənədlərin nə zaman tamamlanacağından asılı olacaq. Amma iş gedir. Tədqiqat mürəkkəb və insanların taleyi ilə bağlı məsələ olduğundan, tələsmək də olmaz. Protokollar var. Onlar əsasında iş aparılır”.

Qeyd edək ki, Türkiyənin koronavirusa qarşı ilk yerli peyvəndi olan TURKOVAC təcili istifadə üçün müraciət mərhələsinə çatıb. Bu aydan etibarən vaksinin kütləvi istehsalına başlanılacaq. Peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir.