Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə  ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz veriblər.

Tədbirdə çıxış edənlər hərbi andı qəbul edib tam hüquqlu əsgər olmanın sevinci və qürurunu yaşayan gənc əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman hərbi andı qəbul edən gənclərimizin əsgər adını şərəflə daşıyacaqlarına, Vətənin müdafiəsində cəsarətlə dayanacaqlarına və uğurlu döyüş növbətçiliyi aparacaqlarına inam ifadə edilib.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.