Naxçıvan ərazisində hava şəraiti ilə əlaqədar AZAL daha iki reysi təxirə salıb

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar aviaşirkətin bu günə olan 2151/2152 və 257/258 nömrəli reyslərinin həyata keçirilməsi təxirə salınıb.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Xatırladılıb ki, təhlükəsizlik məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçirilir.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 vatsap nömrələri vasitəsilə müraciət edə bilərsiniz.