Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində bir sıra tədbirlər keçiriləcək

26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra tədbirlər təşkil olunacaq.

Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, bura SMS bildirişlərin ölkə üzrə fəaliyyət göstərən bütün mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Həyatla oyun” tamaşasının göstərilməsi, “Açıq qapı” günü elan etməklə ali, orta ixtisas tələbələri, o cümlədən ictimaiyyət nümayəndələri və könüllülər üçün canlı ifada nümayiş olunması, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərində tədbirlərin keçirilməsi daxildir. Həmçinin tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminarların və ictimai mühazirələrin təşkili, “Narkomanlığa birlikdə yox deyək” şüarının Bakı şəhəri üzrə elektron informasiya terminallarında və avtobuslardakı monitorlarda nümayiş olunması nəzərdə tutulur.

Narkomanlığın zərəri barədə sosial roliklərin paytaxtın bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında nümayişi planlaşdırılır. Eləcə də şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə tədbirlər keçiriləcək.