Nəqliyyat sahəsində Azərbaycan-İran əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın Dəmir Yolları Şirkətinin prezidenti Səid Məhəmmədzadə ilə görüşüb.

“Report” İqtisadiiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazir əvvəlcə İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Azərbaycan-İran əlaqələrindən danışan Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görüldüyünü və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər dəmir yolu sahəsində də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

S.Məhəmmədzadə Şimal-Cənub nəqliyat dəhlizinin inkişafı istiqamətində İran tərəfindən görülən işlər barədə məlumat verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın Ərdəbil əyalətinin valisi Əkbər Behmanın da iştirak etydiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, İranın Ərdəbil vilayəti ilə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinə, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.