Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gücləndirilmiş iş rejiminə keçir

Qurban Bayramı günlərində əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Bayram günlərində Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri saat 9:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Paytaxtın Üzeyir Hacıbəyli küçəsi-72 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə saat 09:00-dan 18:00-dək əhalinin xidmətindədir. Həmin günlərdə Bakı şəhərində yerləşən 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək işləyəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan qarşılaşdıqları problemlərlə bağlı nazirliyin 1655 nömrəli “qaynar xətt”i və müvafiq qurumların çağrı mərkəzləri ilə əlaqə saxlamalarını, nazirliyin, eləcə də müvafiq qurumların rəsmi “Facebook” səhifələri vasitəsilə müraciət etmələrini xahiş edir.