Müqəddəs Ramazan ayı mayın 6-da başlayır

Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası mübarək Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Müqəddəs Ramazan ayı mayın 6-da başlayır.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların himayədarı kimi çıxış edir. Yeni Zelandiyada baş verən terror hadisəsi islamafobiyanın bariz nümunəsidir. Lakin Azərbaycanda belə hallar yaşanmır.

O deyib: “Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi təqdirəlayiq haldır. Bu qərarlar Azərbaycanda dini tolerantlığın dövlət siyasəti olmasını bir daha təsdiq etdi. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlətimizin başçısının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir”.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar fətvası oxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Ramazan ayının fəzilətlərindən danışıb. Ölkəmizdə dini radikalizmlə mübarizə məsələsinə toxunan M.Qurbanlı bu sahədə xeyli irəliləyişə nail olunduğunu bildirib. Lakin bu sahədə hələ də bəzi çatışmazlıqların mövcud olduğunu deyən komitə sədri həmin problemlərin aradan qaldırılması yollarından danışıb.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov ölkəmizdə elmin bu sahəsi üzrə görülən işlərdən danışıb, qazanılan nailiyyətlərə toxunub.