Mülki müdafiə tədbirləri keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına əsasən, 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə Cəmiyyətin struktur vahid və struktur bölmələrində “Fövqəladə hallarda insanların və maddi sərvətlərin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi” mövzusunda mülki müdafiə tədbirləri keçirilib. Burada əsas məqsəd, işçilərə fövqəladə hallar zamanı əhalinin və əmlakın təhlükəsizliyinin təmini vərdişlərini və fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdir.

Tədbirlərdə obyekt fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin komandir rəis heyəti, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri və mülki müdafiə qüvvələrinə cəlb edilməyən işçilər fəal iştirak ediblər.

Keçirilmiş tədbirlərdə mülki müdafiənin əhəmiyyəti, onun rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində işçilərin rolu və fəaliyyəti, baş verə biləcək hər hansı bir fövqəladə halların nəticələrinin aradan qaldırılmasına hazır olma qaydaları işçilərə öyrədilib.

Mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, mülki müdafiə qüvvələrinin çevik və fasiləsiz idarə olunması və dəyə biləcək ziyanın minimuma endirilməsi barədə geniş və ətraflı məlumat verilib.