Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilib

Turan agentliyinin məlumatına görə, mühacirətdə Qərbi Azərbaycan(İrəvan) Respublkası elan edilib.

Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkil etdiyi video-konfransdakı müzakirələrdən sonra elan edilən Qərbi Azərbaycan(İrəvan) Respublikası  təşəbbüs qrupunun sədrliyinə Türkiyənin Kayseri universitetinin professoru, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı seçilib.

Mühacirətdə  Respublika elan edilməsiylə bağlı Turan agentliyinə verdiyi açıqlamada professor Qafar Çaxmaqlı  bu ideyanın uzun müddətdən bəri    istər Azərbaycanın istərsə Türkiyənin gündəmində olduğunu və dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan (İrəvan) mənşəli mühüm insanların  birləşərək  bu qəti addımı atdığını deyib.

Təşəbbüs qrupunun sədri professor Çaxmaqlı deyib ki, əvvəlcə Respublikanın Milli Şurası yaradılacaq,sonra  mərhələlərlə parlamentə seçkilər keçiriləcək və nəhayət, hökumət formalaşdırılacaq.

”Tarix bu addımın atılmasında nə qədər haqlı olduğumuzu göstərir. Əsrlər boyu daimi yaşayış məskənimiz olan Qərbi Azərbaycanda həmişə dövlətimiz də olub. Bizim dövlətimiz orada heç vaxt milli-dini ayrı-seçkiliyə yol verməyib. Azərbaycan dövlətçiliyinin varislərindən biri olan İrəvan xanlığı  heç də uzaq  tarix deyildir.

Rusiya İrəvanı işğal edərək oradakı dövlətçiliyimizə  son qoymuşdur. 1918-ci ildə İrəvanın müəyyən güzəştlərlə Ermənistana verilməsinə baxmayaraq, ermənilər o güzəştləri aradan qaldıraraq Zəngəzura muxtariyyət vermədikləri kimi daha sonra Qarabağı da işğal ediblər.

SSRİ-nin göstərdiyi “qayğı” nəticəsində Ermənistanın ərazisi  9 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə çıxıb. Moskvanın  qəbul etdiyi qərarlardan sonra 1918-ci ildən başlayaraq 1948-53-cü illər arasında Azərbaycan mənşəli insanların Ermənistandan deportasiyası davam etdirilib, 1988-ci ildə  isə  bu proses tamamlanıb  və bunun nəticəsində Ermənistanda 1 nəfər də olsun Azərbaycan mənşəli insan qalmayıb”- deyə Turan agentliyinə açıqlamasını davam etdirən professor Qafar Çaxmaqlı, idarəçiliyində ziyalıların üstünlük təşkil edəcəyi Qərbi Azərbaycan (İrəvan) Respublikasının əsas məqsədinin başda İrəvan olmaqla, Zəngəbasar, Göyçə, Zəngəzur, Gümrü, Dərələyəz  və bu günkü Ermənistan sərhədləri içində qalan bütün tarixi torpaqları geri almaq olduğunu vurğulayıb.

Professor Çaxmaqlı Mühacirətdəki Qərbi Azərbaycan Respublikasının Milli  Şurasının bir müddətdən sonra formalaşdırılmağa başlayacağını sözlərinə  əlavə edib.