Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub

Moskvada, Ədiblər Evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə rus dilində çap edilmiş “İ stal Putyom İstinı ya sam” (“Özüm də Həqiqət Yolu oldum”) kitabının təqdimatı olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Moskva Yazıçılar Birliyinin “U Nikitskix Vorot” nəşriyyatında çapdan çıxıb. Dahi şairin 200-ə yaxın qəzəl, rübai, qəsidə, məsnəvi, tərcibəndlərinin yer aldığı kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Püstə Axundovadır.

Təqdimat mərasimində Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük şair və mütəfəkkir Nəsimin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliğinin ümummilli lider Heydər Əliyevinin adı ilə bağlı olduğunu vurğulayan E.Başkeçid xatırladıb ki, Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilib. O, Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq Yazıçısı Afaq Məsudun görkəmli şairin əsərlərindən ibarət kitabın Moskvada təqdim edilməsi münasibətilə təbriklərini çatdırıb.

Petrovsk Elm və İncəsənət Akademiyasının (PEİA) vitse-prezidenti Valeri İvanov-Taqanski Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar hadisə adlandırıb. Dövlət Tərcümə Mərkəzi ilə sıx əməkdaşlığından söhbət açan V.İvanov-Taqanski xatırladıb ki, 2015-ci ildə Xalq yazıçısı Afaq Məsudun iştirakı ilə Moskvada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyinin də təqdimatı keçirilib. “Mən həmin antologiyaya daxil olan kitablara “Ön söz” yazmışam. Azərbaycan mədəniyyəti və ədəbiyyatı mənə tanış və doğmadır. Azərbaycanda mənim “Zəfər və ilğım” kitabım tərcümə edilib, “Ədəbiyyat qəzeti”ndə çoxsaylı hekayələrim dərc olunub. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Soçiyə səfəri, Rusiya lideri ilə mehriban dostluq münasibətləri xalqlarımız arasında əlaqələrin parlaq perspektivlərindən xəbər verir”, – deyə V.İvanov-Taqanski vurğulayıb.

PEiA-nın həqiqi üzvü, filologiya elmləri namizədi Aleksandr Rudnev Nəsiminin həyat və yaradıcılığından danışıb, böyük şairin irsinin Şərq xalqlarının mədəni sərvəti adlandırıb.

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair və tərcüməçi Afaq Şıxlı böyük Azərbaycan şairinin fəlsəfi baxışlarından söhbət açıb, Nəsimin “Hardasan” qəzəlinə nəzirəsini səsləndirib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov kitabın tərtibatçısı Püstə Axundova, fəlsəfə doktoru, şair Maya Bədəlbəyli, şair Sultan Mərzili və başqaları mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsindən danışıblar.

Moskva Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin tələbələri Nəsiminin fəlsəfi dünyasından söz açıb, şairin əsərlərini oxuyublar. İnstitutun tələbəsi Anna Danilova “Report”un yerli bürosuna bildirib ki, Nəsimi poeziyası insan qəlbində sözə, sənətə ehtiram, özünün özünə hörmət, insanlara sonsuz sevgi hissləri oyadır: “ Nəsimini oxuyarkən bir daha əmin oldum ki, Şərq poeziyası sonsuz müdriklik xəzinəsidir. Mənim üçün Nəsimi poeziya peyğəmbəridir. Mən onu dahi rus şairi Puşkinlə müqayisə edə bilərəm. Düşünürəm ki, “Nəsimi ili” sülh və əminamanlıq ili olmalı, dahi şairin bəşəriyyətə ünvanlandığı fikirləri əks etdirməlidir”.

Tədbirdə “Katyuşa” teatr məktəbinin üzvü Ruslan Əkbərov Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edib. Məktəbin rəqs qrupunun ifasında Azərbaycan rəqsləri təqdim olunub.

ƏvvəlkiMilli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verib
NövbətiFizika üzrə Nobel mükafatları təqdim olundu