Qərbi Balkan regionunun ən gənc ölkəsi olan Monteneqroda milli bayram – Dövlətçilik Günü qeyd edilir.
AZƏRTAC Monteneqronun müstəqillik tarixinə və bugünkü ictimai-siyasi mənzərəsinə qısaca nəzər salır.
Dövlətçilik Günü hər il iyulun 13-də Monteneqroda 1878-ci ildə Berlin Konqresinin Monteneqro Knyazlığını dünyanın 27-ci müstəqil dövləti kimi tanıdığı günü qeyd etmək üçün keçirilən bayramdır. Bu tarix həm də 1941-ci ildə İtaliya işğalına qarşı üsyanı xatırlamaq üçün qeyd olunur. Bəzi tarixçilərin fikrincə, faşistlərin işğalı altında olan Avropada ilk silahlı üsyan 1941-ci il iyulun 13-də Monteneqroda baş verib.
1990-cı illərdə keçmiş Yuqoslaviyanın parçalanmasından sonra bir müddət Yuqoslaviya Federativ Respublikasında, daha sonra isə Serbiya-Monteneqro adı altında Serbiya ilə birləşən Monteneqro 2006-cı ilin mayında keçirilən tarixi referendumla müstəqilliyini elan edib və mayın 21-i ölkədə Müstəqillik Günü kimi qəbul olunub.
Əhalisinin sayı 633 mindən çox olan ölkənin vətəndaşlarının dini, etnik mənsubiyyəti və danışdığı dillər müxtəlifdir. Monteneqroda pravoslav xristianlarla yanaşı, müsəlmanlar və katoliklər, etnik cəhətdən isə ən çox monteneqrolular və serblər yaşayırlar. Bunlardan sonra boşnaklar, albanlar, qaraçılar, xorvatlar və digər kiçik etnik qruplar gəlir.
Ölkə bu illər ərzində xüsusilə Avratlantik qurumlara üzvlük prosesində mühüm uğurlara imza atıb. 2006-cı il dekabrın 14-də NATO ilə ilk rəsmi sənəd imzalanıb və 2007-ci ildə Brüsseldə Monteneqronun NATO nümayəndəliyi açılıb. İlk dəfə 2008-ci ildə NATO sammitlərinə qatılan Monteneqro həmin ildən NATO sülh missiyalarına əsgər göndərməyə başlayıb, 2017-ci il iyunun 5-dən isə NATO-nun 29-cu üzvü olub.
Monteneqro regionda Avropa İttifaqına üzvlük yolunda mühüm irəliləyiş edən ölkədir və ilk olaraq ittifaqa qoşulacağı gözlənilir. Monteneqro 2008-ci il dekabrın 15-də isə Avropa İttifaqına rəsmi üzvlük ərizəsini verib və 2010-cu il dekabrın 17-də “namizəd ölkə” statusu alıb. Ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları yekunlaşmaq üzrədir. Avropa İttifaqının növbəti üzvü olacağı proqnozlaşdırılan Monteneqronun ən gec 2027-ci ilə qədər ittifaqa qoşulması nəzərdə tutulur.
Ölkənin Kotor, Budva və Bar şəhərləri turizm imkanlarına görə dünyada məşhurdur.