Mixail Qusman Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, bu təkliflə o, Rusiya Tarix Cəmiyyətinin iclasında çıxış edib. M.Qusman xatırladıb ki, Bakı faşizm üzərində qələbəyə böyük töhfələr verib.

M.Qusman qanuna dəyişiklik edilməsi, Rusiyanın hüdudlarından kənarda yerləşən və ümumi qələbəyə töhfələr vermiş şəhərlərə də “Əmək rəşadəti şəhəri” adının təqdim edilməsi təklifini irəli sürüb. Belə şəhərlər sırasında Mixail Qusman Bakı və Daşkəndi nümunə gətirib. O vurğulayıb ki, Şərq cəbhəsini 80 faiz yanacaq-sürtkü materialları ilə Bakı təmin edirdi. Daşkənddə isə 130 hospital fəaliyyət göstərirdi və bir milyondan çox əsgər həmin xəstəxanalarda müalicə olunurdu.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin “Əmək rəşadəti şəhəri” adının təsis edilməsi barədə Fərmanı bu ilin mart ayında imzalayıb. Bu fəxri ad İkinci Dünya müharibəsi illərində sakinləri arxa cəbhədə durmadan çalışaraq cəbhəni hərbi və mülki məhsullarla təmin edən şəhərlərə verilir.