Mingəçevirdə Zəfər Günü qeyd olunub

Mingəçevirdə “8 Noyabr – Zəfər Günü: Tariximizin qızıl səhifəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə reallaşdırdığı tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ardından məktəblilərin 8 Noyabr – Zəfər Gününə həsr olunan əl işlərindən ibarət sərgisi nümayiş etdirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov vurğulayıb ki, 44 günlük Vətən müharibəsinin qalibiyyətlə nəticələnməsi hərbi uğur olmaqla yanaşı, milli birliyimizin, xalq-dövlət-ordu həmrəyliyinin təntənəsidir. Bu qələbə Azərbaycan tarixinin yeni mərhələsini, qalib ölkə statusunu formalaşdırıb. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu tarixi nailiyyətin davamı kimi dəyərləndirilməlidir.

Tədbirdə millət vəkili Aydın Mirzəzadə də Zəfər Gününün önəmindən bəhs edib, Vətən müharibəsində qazanılan şanlı qələbənin gələcək nəsillər üçün də qürur mənbəyi olduğunu diqqətə çatdırıb. YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhid atası Adil Abbasəliyev, qazi Pərviz Məmmədov, veteran Arif Yusubov da Vətən müharibəsində ordunun, xalqın göstərdiyi qəhrəmanlıqdan, dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan bəhs ediblər.

Tədbirin sonunda Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinin hazırladığı “Zəfər” kompozisiyası təqdim edilib.

ƏvvəlkiTramp Ağ Evdə Macarıstanın Baş naziri ilə görüşüb
NövbətiPəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi