Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 2-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2026-cı ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib.

S.Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Deputatlar 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilib. Ay ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olub.

Milli Məclisin sədri qeyd edib ki, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman Sultanlığına rəsmi və işgüzar səfərləri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilib, mühüm beynəlxalq tədbirlərdə iştirak edib və parlamentlərarası əməkdaşlıq gücləndirilib. Səfərlər zamanı bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın fəal mövqeyi nümayiş etdirilib, ölkəmizin multikulturalizm, tolerantlıq və gender bərabərliyi sahəsində təcrübəsi yüksək qiymətləndirilib. Həmçinin imzalanan anlaşma memorandumları və əldə olunan razılaşmalar Azərbaycanla ərəb ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib.

S.Qafarova yaz sessiyasında görüləcək işlər haqqında qısa məlumat verib. O qeyd edib ki, sessiyanın qanunvericilik işləri planı hazırlanıb.

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb. Deputatlar gündəmdə olan məsələlərə münasibət bildiriblər.

Qeyd olunub ki, dövlətimizin başçısının yürütdüyü uzaqgörən siyasət ölkəmizin milli maraqlarını etibarlı şəkildə qorumağa, Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu uğurla davam etdirməsinə imkan verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 56-cı Davos İqtisadi Forumunda iştirakı və burada keçirdiyi çoxsaylı mühüm görüşlər Azərbaycanın qlobal iqtisadi və siyasi gündəmdə fəal aktor kimi rolunu bir daha təsdiqləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Sülh Şurası kimi yeni beynəlxalq təşəbbüsə təsisçi üzv qismində dəvət olunması Prezident İlham Əliyevin sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi istiqamətində apardığı ardıcıl siyasətin növbəti mühüm nəticəsidir.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun sülhün, dialoqun, multikultural dəyərlərin və humanist prinsiplərin təşviqi istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasətə verilən yüksək beynəlxalq qiymətin bariz nümunəsi kimi dəyərləndirilib.

Həmçinin Zəngəzur dəhlizinin (Tramp marşrutu) işə düşməsi ilə bağlı aparılan müzakirələrə və bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönələn təşəbbüslərə toxunan çıxışçılar qeyd ediblər ki, bu addımlar regional etimadı, iqtisadi əməkdaşlığı daha da artıracaq.

Çıxışlarda deputatlar günün bir sıra digər aktual məsələləri ilə bağlı fikirlərini səsləndiriblər.

Sonra Milli Məclisin sədri bu gün iclasda 16 məsələnin müzakirə ediləcəyini, ilk iki məsələnin Konstitusiya qanunları olduğunu deyib.

Sahibə Qafarova gündəliyin birinci məsələsinin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun ikinci səsverməsi ilə bağlı olduğunu deyib.

O diqqətə çatdırıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. Bu qanun layihəsinə də 6 ay öncə birinci səsvermədə münasibət bildirilib, indi isə ikinci səsverməyə çıxarılıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı məlumat verib. O, sənədin Milli Məclisdə üç oxunuşdan keçdiyini, geniş müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.

Konstitusiya Qanunu səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.

Daha sonra komitə sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə) barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müvafiq maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.

Bu Konstitusiya Qanunu da səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.

Sədr diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi Milli Məclisin qərar layihələridir.

Milli Məclisin sədri bildirib ki, hər sessiyanın əvvəlində parlamentin qanunvericilik işləri planı qəbul olunur və parlament öz fəaliyyətini həmin plan əsasında qurur. O qeyd edib ki, gündəliyin üçüncü məsələsi məhz yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır və qanunvericilik işləri planı 5 bənddən ibarətdir.

S.Qafarova deputatların qarşıdakı yaz sessiyasının iş planı ilə bağlı irəli sürdükləri təkliflərin nəzərə alınaraq müvafiq qərarların qəbul ediləcəyini diqqətə çatdırıb. Sonra Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələni təqdim edərək bildirib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə uyğun olaraq, yaz sessiyasının birinci iclasında Milli Məclisin Hesablayıcı komissiyası yaradılmalıdır. O qeyd edib ki, komissiya bir il müddətinə və 7 üzvdən ibarət tərkibdə seçilir.

Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub.

S.Qafarova gündəliyin beşinci məsələsi ilə əlaqədar diqqətə çatdırıb ki, Daxili Nizamnamənin 41-ci maddəsinə əsasən, Milli Məclisin İntizam komissiyası da yaradılmalıdır. Komissiya bir il müddətinə və 11 üzvdən ibarət tərkibdə seçilir.

Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında qərar layihəsi də qəbul edilib.

Gündəliyin altıncı məsələsi olan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.

Komitə sədri bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasında idman federasiyalarını, dini konfessiyaları və yaradıcılıq təşkilatlarını təmsil edən şəxslərin qanunda göstərilən səlahiyyət müddəti başa çatdığına görə, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Audiovizual Şura tərəfindən təşkilati tədbirlər görülüb.

Komitə sədri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədləri təqdim edib.

Müzakirələrin yekununda S.Qafarova bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə üç təşkilatın hərəsindən 2 nəfər olmaqla 6 nəfərin namizədliyi göstərilib və biz onlardan üç nəfəri seçməliyik.

Sonra təqdim olunan namizədlərlə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində idman federasiyalarından Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatlarından Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Həcərxanım Babayeva İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

S.Qafarova gündəliyin növbəti 2 məsələsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələbinə əsasən bu layihələrin bir oxunuşda baxılaraq qəbul ediləcəyini deyib.

Beləliklə, gündəliyin yeddinci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov məlumat verib. O, qeyd edib ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb. Preambula və 22 maddədən ibarət olan sənəd müəyyən edilmiş qaydalara və şərtlərə uyğun olaraq hər iki tərəfin gömrük orqanları arasında gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqinin təmin edilməsi, bu qanunvericiliyin pozulmasının qarşısının alınması, aşkar edilməsi və araşdırılması vasitəsilə bir-birilərinə yardım etməsini nəzərdə tutur.

Layihə səsə qoyularaq qəbul edilib.

Fasilədən sonra iclas işini davam etdirib.

S.Qafarova gündəliyin səkkizinci məsələsi olan Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Komitə sədri BƏT-in 187 nömrəli Konvensiyasının əməyin gigiyenası və təhlükəsizliyi sahəsində milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən danışıb.

Komitə sədri qeyd edib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişiklik qanunun tətbiq edilmə müddətinin uzadılması ilə bağlıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericilikdə minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilir. Qeyd olunanlar nəzərə alınaraq Əmək Məcəlləsində müvafiq dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

Təklif olunan dəyişikliyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

O, layihənin elektron ticarətin tənzimlənməsi və bu sahədə vergi nəzarətinin gücləndirilməsi, dövlət qurumlarının bank əməliyyatlarının daha sistemli və vahid qaydada həyata keçirilməsi üçün hüquqi mexanizmlərin dəqiqləşdirilməsi, habelə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı vergi və gömrük məsələlərinin operativ şəkildə həll edilməsi məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında müvafiq saziş imzalanıb və qanunla təsdiq edilib. Həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və 2025-ci il sentyabrın 1-dən bir il müddətinə tətbiq olunacaq.

Qanun layihəsinə əsasən, Vergi Məcəlləsinə dəyişikliklər Azərbaycan bazarında elektron qaydada xidmət göstərən və illik dövriyyəsi 10 min ABŞ dolları ekvivalentini keçən qeyri-rezident şəxslər üçün vergi orqanlarında uçota alınma və əlavə dəyər vergisi öhdəliyinin yerinə yetirilməsi tələblərini təsbit edir. Dövriyyəsi bu həddə çatmayanlar üçün qeydiyyat könüllü olacaq. Eyni zamanda, bəzi xidmətlər, o cümlədən hüquq, maliyyə, mühasibat, dizayn, mühəndislik və real vaxt rejimində tədris xidmətləri elektron ticarət xidməti kimi qiymətləndirilməyəcək.

Habelə, məcəlləyə təklif olunan dəyişikliklərə əsasən, müvafiq təsdiqedici sənəd əsasında müəyyən ediləcək siyahı ilə incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad ediləcək. Bununla yanaşı, il ərzində məhdud sayda nadir avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi qaydalar müəyyən edilir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, hazırda müvafiq qanunvericiliyə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihə ölkəmizin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.

Bildirilib ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanına əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması müəyyənləşdirilib. Buna uyğun olaraq, təqdim edilən qanun layihəsində bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri gündəliyin son 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Sənəddə bir sıra yeni anlayışların daxil edilməsi təklif olunur. Habelə ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, ekspertizası üzrə prosedurların asanlaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin mətnində heç bir dəyişikliyin olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

ƏvvəlkiGənclər Günü münasibətilə Akademik Milli Dram Teatrında tədbir keçirilib