Mayın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova 12 məsələnin müzakirə ediləcəyini bildirib. O, birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat olduğunu söyləyib.
Daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib. O bildirib ki, 2024-cü il ölkəmizin bir sıra dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə insan alverinə qarşı mübarizə sahəsində tədbirlər, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi davam etdirilib. Müvafiq tədbirlər çərçivəsində “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, “2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”, dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihələri üzərində işlər tamamlanaraq, aidiyyəti üzrə təqdim olunub.
Seyfulla Əzimov deyib ki, xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, ölkə ərazisindən tranzit keçən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması, tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması məqsədilə dövlət orqanlarına maarifləndirici vasitələr və analitik materiallar göndərilib, sosial şəbəkələrə yerləşdirilib. Bildirilib ki, maarifləndirmə tədbirlərinə hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, media və yerli icra hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tibb işçiləri, sahibkarlar, nəqliyyat, təhsil, sosial müdafiə, məşğulluq mərkəzlərinin işçiləri cəlb edilib. Aidiyyəti peşə sahiblərinə insan alveri qurbanlarının hüquqlarının müdafiəsi mövzusunda təlimlər və ixtisasartırma kursları təşkil olunub.
Milli Koordinator diqqətə çatdırıb ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində mütəmadi olaraq əhali ilə görüşlər keçirilərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə məlumatlandırma işi aparılıb. Hesabat ilində dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, eləcə də məşğulluqlarının təmin edilməsi ilə bağlı yardımlar davam etdirilib. Bununla yanaşı, Azərbaycanda və əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraitinin öyrənillməsi məqsədilə 1265, himayədar ailələrə verilmiş uşaqlarla bağlı 231 monitorinq aparılıb. Aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınması təmin edilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.
Milli Koordinator vurğulayıb ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin icrası da diqqətdə saxlanılıb. Onlardan 80 nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək tibbi, sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib. Daha 18 qurban peşə kurslarına yönəldilib, 9 nəfəri işlə təmin edilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik göstərilib, 44 qurbanın ailəsinə qayıdışı təmin olunub.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı barədə bu komitənin rəyini təqdim edib.
O, insan hüquq və azadlıqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Milli Koordinator institutunun yaradılmasının 20 ilinin tamam olduğunu qeyd edərək, hüquq-mühafizə orqanlarının dövlətçiliyə xidməti və sədaqətinin, Ulu Öndər Heydər Əliyev məktəbini keçərək formalaşan yüksək peşəkarlığının müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2003-cü ildə yenicə Prezident seçilən İlham Əliyev ölkəmizdə ictimai təhlükəsizliyi və sabitliyi qoruyanların bir nömrəli müdafiəçisi olduğunu nümayiş etdirib.
Çıxışının sonunda komitə sədri Milli Koordinatorun illik fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, təkliflərini səsləndirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb.
O, 2024-cü il üzrə İnsan alverinə qarşı mübarizə haqqında məlumatın son Milli Fəaliyyət Planının yekunu olduğunu, yeni Fəaliyyət Planının hazırlanacağını söyləyib. Komitə sədri deyib ki, ötən illər ərzində Daxili İşlər Nazirliyi, digər dövlət orqanları bu sahədə sistemli, davamlı və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib və müsbət nəticələr əldə olunub. O, həm insan alverinə qarşı mübarizə sahəsində, həm də bütövlükdə mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən peşəkar fəaliyyəti xüsusi vurğulayıb. Dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və medianın vahid mövqedən çıxış etdiyini söyləyərək, insan alverinə qarşı mübarizənin milli səviyyədə fəaliyyətə çevrildiyini qeyd edib.
Məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar öz qeyd və təkliflərini söyləyiblər.
Milli Məclisin sədri məsələyə münasibət bildirərək, deputatların seçicilərlə görüşləri zamanı maarifləndirmə işində fəallıq göstərməsinin əhəmiyyətindən danışıb.
Müzakirələrin sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb.
Sonra Sahibə Qafarova növbəti 6 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu qeyd edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti haqqında danışıb.
Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb.
O, layihə barədə birinci və ikinci oxunuşda ətraflı məlumat verildiyi, sənədin mətnində hər hansı dəyişikliyin olmadığını deyib. Qeyd edib ki, nəzərdə tutulan dəyişikliklərin mahiyyəti güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxslərin pensiya təminatında dövlət öhdəliklərinin çərçivəsinin dəqiqləşdirilməsi ilə bağlıdır.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Parlamentin Mədəniyyət komitəsinin üzvü Şahin Seyidzadə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihənin əvvəlki oxunuşlarda müzakirəsi zamanı geniş şəkildə məlumatın təqdim edildiyini, deputatlar tərəfindən müsbət qarşılandığını, sənədin mətninə dair əlavə təklifin olmadığını deyib.
Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin digər 5 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanunda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdim edilmə prosedurunun çevikliyinin artırılması ilə bağlıdır. Təklif edilən dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşdırılması təklif olunur.
Konstitusiya qanununun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sahibə Qafarova növbəti məsələnin “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) olduğunu bildirib. O qeyd edib ki, bu məsələ ilə əlaqədar energetika nazirinin müavini Orxan Zeynalov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov iclasda iştirak edirlər.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” qanun layihəsini təqdim edib. O, sənədin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən enerji siyasətinin, bu sahədə aparılan qanunvericilik islahatlarının tərkib hissəsi olduğunu qeyd edib. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın təkcə regionda deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Komitə sədri energetika sahəsinin ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq, mühüm strateji əhəmiyyət kəsb etdiyini deyib. Son illərdə bu istiqamətdə aparılan islahatlar nəticəsində bir sıra yeni mütərəqqi qanunların qəbul olunduğunu bildirib. Qeyd edib ki, bu qanunların qəbul edilməsi beynəlxalq təcrübəyə əsaslanan müasir alətlərin ölkəmizdə tətbiqinə imkan yaradıb, enerji istehsalında, idarəçiliyində və səmərəliliyində mühüm irəliləyişlərin əldə edilməsinə səbəb olub.
İclasda iştirak edən energetika nazirinin müavini Orxan Zeynalov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev çıxışlarda qaldırılan məsələlərə münasibət bildiriblər, verilən sualları ətraflı cavablandırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov gündəliyin onuncu məsələsi – Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Bildirilib ki, qanun layihəsinə təklif edilən dəyişikliklər, ilk növbədə, insan, vətəndaş hüquq və azadlıqlarının, mülkiyyət və ictimai qaydanın daha effektiv formada cinayətkar qəsdlərdən qorunması məqsədilə hazırlanıb. Eyni zamanda, dəyişikliklər heç kimin qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, məhdudiyyətlərə məruz qalmamasına, qanunçuluğun, insan hüquq və azadlıqlarına hörmətin daha səmərəli şəkildə bərqərar olmasına xidmət edir.
Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
O bildirib ki, sənəd sağlamlığın qorunması hüququnun daha səmərəli təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə bir sıra cinayət əməllərinin sanksiyalarında dəyişiklik edilərək, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla və bu əməllərə görə sağlamlığa vurulan ağır nəticələr tövsifedici əlamətlər kimi ayrı maddələrdə nəzərdə tutulmaqla cəzalar sərtləşdirilir. Bildirilib ki, səhiyyə sahəsində islahatlar aparılaraq tibb fəaliyyəti ilə məşğul olmağı tənzimləyən yeni qaydalar qəbul edilib. Layihədən göründüyü kimi, həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinin dispozisiyaları təkmilləşdirilərək səhiyyə qanunvericiliyində müəyyən edilmiş yeni qaydaların pozulması bu hüquqpozmaların obyekti kimi nəzərdə tutulub. Bu baxımdan təqdim edilmiş layihə həyat və sağlamlığın qorunması sahəsində cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət etməklə, şəxslərin ən vacib konstitusion hüquqlarından olan sağlamlığın qorunması hüququnun daha effektiv reallaşmasını təmin edəcək.
Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələni – Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.
Komitə sədri bildirib ki, layihədə 4 hüquqi akta ümumilikdə 12 maddə üzrə 34 adda dəyişiklik təklif olunub. Layihədə adıçəkilən digər qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Qeyd olunub ki, layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan yeni normalar tibb mütəxəssislərinin peşə yararlılığının, onların peşəkarlığının yüksəldilməsi işinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Müzakirələrin sonunda səhiyyə naziri Teymur Musayev çıxış edib, sənədə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimləmələr tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdıracaq, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaradacaq. O, layihədə təklif olunan “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. Bildirilib ki, layihədə təsbit olunan daha bir yenilik isə sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılmasıdır. Bu müddəanı ölkə rəhbərliyinin hər zaman tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğının davamı kimi dəyərləndirən nazir vurğulayıb ki, davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək. Onlar öz bilik və bacarıqlarını müasir tibb elminin, qabaqcıl tibbi təcrübənin inkişaf tempinə uyğun olaraq təkmilləşdirəcəklər. Nəticədə tibb mütəxəssisləri tərəfindən vətəndaşlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin ediləcəkdir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.