Milli Məclisin deputatı ATƏT PA-nın COVID-19-un gender məsələlərinə təsiri mövzusunda onlayn iclasında çıxış edib

Milli Məclisin deputatı Ülviyyə Ağayeva ATƏT PA-nın “COVID-19 pandemiyasının gender məsələlərinə təsiri” mövzusunda onlayn iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, deputat Ülviyyə Ağayeva çıxışında COVID-19 pandemiyasının dünya əhalisinə sağlamlıq, iqtisadi, ekoloji, sosial və siyasi problemlər gətirməklə geniş narahatlığa səbəb olduğunu qeyd edib. O deyib: “Pandemiyanın daha böyük sosial-mədəni təsirlərinə baxsaq, qadınlar daha həssas qrupda yer alırlar. Qadınların koronavirusa tutulma riski yüksəkdir, çünki dünya miqyasında səhiyyə və sosial sektor işçi qüvvəsinin 70 faizini onlar təmsil edir. COVID-19 pandemiyası qadınlar və qızlar üçün qeyri-mütənasib iqtisadi və sosial nəticələri artırır. Təəssüf ki, qadınlar daha az qazanır, daha az etibarlı işlərdə çalışır, sosial müdafiədən daha az istifadə edirlər və nəticədə bu iqtisadi geriləmə qadınlara kişilərdən daha çox təsir göstərir.

Hökumətlər və beynəlxalq təşkilatlar bu pandemiya ilə mübarizə üçün diqqət və resurslarını yönəltməyə davam etsələr də, COVID-19-un gender əsaslı zorakılığa təsirlərinin təcili olaraq nəzərdən keçirilməsi barədə səsimizi qaldırmağı unutmamalıyıq. Biz millət vəkilləri olaraq, COVID-19-la bağlı milli planlarımızda qadınlara və qızlara qarşı zorakılıqla necə mübarizə aparılması barədə ümumi bir strategiya qəbul etməli və onların keyfiyyətli tibbi xidmətə çıxışları olmasını təmin etməliyik”.

Ülviyyə Ağayeva Azərbaycanda COVID-19 pandemiyası dövründə Qadın Resurs mərkəzlərinin güclü fəaliyyətləri barədə fikirlərini də bölüşüb: “Bu mərkəzlər Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT İnkişaf Proqramı tərəfindən yaradılıb. Doqquz Resurs Mərkəzinin əsas vəzifəsi kənd yerlərində yaşayan qadınların bir çox sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün onlara sahibkarlıq bacarıqlarını gücləndirməyə və əmək bazarında rəqabət qabiliyyətlərini inkişaf etdirməyə dəstək göstərməkdir. Pandemiya ilə mübarizənin çətin dövrlərinə baxmayaraq, Qadın Resurs mərkəzləri effektiv şəkildə onlayn təlimlərə keçdilər. Daimi virtual fərdi və qrup psixoterapiya seanslarının təşkili bu mərkəzlər tərəfindən görülən işlərin bir hissəsidir.

Sonda bir daha vurğulamaq istərdim ki, qadınların hüquqlarının qorunması cəmiyyətdə sosial sabitlik, iqtisadi inkişaf, sülh və inkişaf üçün son dərəcə vacibdir”.