Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə edilib

Noyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Ziyafət Əsgərov, deputatlardan Kamran Bayramov, Tural Gəncəliyev, Hikmət Məmmədov, Cavanşir Feyziyev, Vahid Əhmədov, Elnur Allahverdiyev, Ramin Məmmədov, Fəzail Ağamalı, Ceyhun Məmmədov, Elşən Musayev çıxışlarında noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildiriblər.

Milli Məclisin deputatları qətnaməyə etirazlarını bildirərək, sənədin həqiqətə uyğun olmadığını, Fransa Senatının ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdiyini söyləyiblər. Qeyd edilib ki, qətnamədə ölkələrimiz arasında ikitərəfli münasibətlərə xələl gətirən məqamlar, Azərbaycana qarşı sanksiyaların tətbiqi, qaz və neft tədarükünə embarqonun qoyulması ilə bağlı çağırışlar yer alıb. Bu qətnamənin son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəd olduğunu deyən deputatlar Fransanın ölkəmizə qarşı addımlarının məqsədli xarakter daşıdığını, bu ölkənin öz tarixində onlarla dövləti işğal etmiş və öz müstəmləkəsinə çevirmiş bir ölkə olduğunu, qətnamənin heç bir hüquqi qüvvəsi olmadığını və orada qeyd olunanların kağız üzərində qalacağını söyləyiblər.

Qeyd edilib ki, sənəd beynəlxalq hüququn norma və prinsiplərini, habelə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətləri kobudcasına pozur. Azərbaycanın regionda daimi sülhün və sabitliyin bərqərar olması üçün çalışdığı vurğulanıb, Fransa Senatının bur cür addımlarının isə Azərbaycanla Ermənistan arasında postmünaqişə dövründə davam edən normallaşma prosesinə xələl gətirdiyi qeyd olunub.

Milli Məclisin deputatları İran-Azərbaycan münasibətləri barədə də fikirlərini bildiriblər.

Cari məsələlərin müzakirəsi başa çatdıqdan sonra deputatlar gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova gündəlikdəki məsələlər barədə məlumat verib. O, bildirib ki, gündəliyin 16 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. Bu qanun layihələri birinci oxunuşda müzakirə olunacaq. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsidir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını müəyyənləşdirən ən mühüm amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib.

Məmnunluqla qeyd etmək olar ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq.

Əminliklə demək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq.

Parlamentin sədri bildirib ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Milli Məclisin sədri qeyd edib ki, yaranmış ənənəyə uyğun olaraq parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub və iclasda iştirak edənlərin hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.

Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Sahibə Qafarova bu gün aparılacaq müzakirələrin səmərəli olacağına və deputatların dəyərli təkliflərinin dinləniləcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri təklif edib ki, müzakirələr əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlanılsın, sonra isə Mərkəzi Bankın və Hesablama Palatasının məlumatları dinlənilsin, daha sonra Milli Məclisin deputatları öz mülahizələrini söyləsinlər.

Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərlə bağlı çıxışında bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, həmçinin parlamentin digər komitələrinin iclaslarında hökumət üzvlərinin və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub. Qeyd olunub ki, Milli Məclis sədrinin göstərişi ilə müzakirələrə parlamentdə təmsil olunan bütün siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri və nümayəndələri dəvət olunublar.

Komitə sədri bildirib ki, 2022-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olub. Bir neçə gün öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən torpaqlarımızın və Ermənistanın kapitulyasiya aktını imzalamasının 2-ci ildönümü qeyd olunub. Azad edilmiş ərazilərdə cari ildə də geniş bərpa-quruculuq işləri aparılıb, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Bu işlərin aparılması üçün son 2 ildə dövlət büdcəsindən 4,8 milyard manatdan çox vəsait ayrılıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq illər öncə həyata keçirilən infrastruktur, enerji marşrutları və nəqliyyat koridorları bu gün ölkə iqtisadiyyatına mühüm yeni imkanlar yaratmaqdadırlar.

Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reinteqrasiyası və Böyük Qayıdışın təmin olunması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması kimi makro-fiskal çağırışlar yaranacaqdır.

Diqqətə çatdırılıb ki, təqdim edilmiş layihədə 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4,5 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 70 faizə, orta aylıq əmək haqqının 898 manata çatacağı, orta illik inflyasiyanın 6,9 faiz olacağı, vergi Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Dövlət və İcmal Büdcənin gəlir və xərclərinin hesablanmasında neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.

Komitə sədri deyib ki, təqdim edilmiş layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522,9 milyon manat çox olaraq 30 milyard 720,7 milyon manat nəzərdə tutulub. Artımın yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanları vasitəsilə təmin olunan gəlirlər 1 milyard 807 milyon manat artıq planlaşdırılıb. Eyni zamanda, bu ilin büdcə gəlirlərinin 10 aylıq icra göstəriciləri 2023-cü ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir. O, qeyd edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin 2023-cü ildə 235 milyon manat azaldılması və növbəti 3 ildə də orta hesabla o qədər azaldılması nəzərdə tutulub.

Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 2022-ci ilə nisbətən 996,2 milyon manat artırılaraq 33 milyard 300 milyon manata çatdırılması, o cümlədən sosialyönümlü xərclərin 15 218,9 milyard manata və ya ümumi xərclərin 45.7 faizə çatdırılması planlaşdırılır. Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manat artırılaraq 8 milyard manatı keçməsi ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edilir. Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197,6 milyon manat artırılması nəzərdə tutulub. Əməyin ödənişi xərclərinin 420 milyon manatadək artırılması əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının təmin edilməsi baxımından məqbul sayılır. 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayının 6 rayon artaraq 57-yə çatması təqdirəlayiq hesab edilir.

Çıxışının sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iqtisadi proseslərin yaxşılaşmasına xidmət edəcək bir neçə təklifini diqqətə çatdıran komitə sədri 2023-cü ilin dövlət büdcəsi layihəsinin ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində növbəti ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat və yaxud cari ilə nisbətən 11,4 faiz çox olmaqla təklif edilir. Müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.

Samir Şərifov qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbəmizdən sonra ölkə Prezidentinin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə cari ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021, 2022 və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilib. 2023-cü ilin dövlət və icmal büdcələri, büdcə zərfinə daxil olan digər qanunvericilik aktları məhz strateji çağırışlar çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyə təminatı məsələlərinin həllinə yönəldilib.

Bildirilib ki, Böyük Qayıdışın təmin edilməsi zamanı işğaldan azad edilmiş ərazilərin zəngin resurs və infrastruktur potensialının səmərəli istifadə edilməsi, əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılmasının dəstəklənməsi məqsədilə “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ilə yanaşı, Vergi və Əmək Məcəllələrində, “Sosial sığorta haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələri də təqdim olunub. Bu qanun layihələri Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamının icrası ilə əlaqədar olaraq hazırlanıb. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rezident vergi ödəyicilərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmçinin siyahısı təsdiq ediləcək istehsal fəaliyyəti sahələrində fəaliyyət göstərəcək sahibkarlar tərəfindən xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilməsini nəzərdə tutur. Bununla yanaşı, işəgötürənlər tərəfindən ödənilən sosial sığorta haqları 2023-cü il yanvarın 1-dən 10 il ərzində dövlət tərəfindən subsidiyalaşdırılacaq. Habelə, işğaldan azad edilmiş ərazilərdə çalışanların vəzifə maaşlarına 5 il ərzində 20 faiz məbləğində əlavə, müasir bilik və bacarıqlara malik mütəxəssislərə bu ərazilərdə 1 il müddətinə əmək müqaviləsi bağladıqda vəzifə maaşı həcmində birdəfəlik müavinət veriləcək. Qeyd olunan güzəştlərin dəyəri ildə 150 milyon manat məbləğində dəyərləndirilir.

Nazir 2023-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin böyük hissəyə malik olduğunu deyib. Qeyd edilib ki, növbəti ildə bu xərclər ümumi xərclərin 45,7 faizini təşkil etməklə, 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulur. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. Sosialyönümlü xərclərin 52,8 faizi və yaxud 8 milyard 41 milyon manatı əməyin ödənişi xərclərinə, 26,7 faizi və yaxud 4 milyard 65 milyon manatı təqaüd və sosial müavinətlərə, 9 faizi və yaxud 1 milyard 366 milyon manatı əhaliyə səhiyyə xidmətlərinin göstərilməsinə, 7,5 faizi və yaxud 1 milyard 144 milyon manatı ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi və yaxud 477 milyon manatı ərzaq məhsullarının, dərman ləvazimatlarının alınmasına yönəldiləcək.

Bildirilib ki, əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur. Növbəti ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 23 faiz və yaşayış minimumunun məbləğinin 17 faiz artırılması nəzərdə tutulur və beləliklə ehtiyac meyarının məbləği yaşayış minimumunun məbləğinə çatdırılır.

2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.

Maliyyə naziri təhsil, səhiyyə, tibbi sığorta, idman, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı məhsullarının istehsalı, ətraf mühitin qorunması, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, həmçinin dövlət borclarına xidmət, beynəlxalq fəaliyyət üçün ayrılan vəsaitlər barədə də məlumat verib.

Samir Şərifov 2023-cü il dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə bildirib ki, büdcə xərclərinin 92,2 faizi və yaxud 30 milyard 721 milyon manatının dövlət büdcəsinin müxtəlif mənbələr üzrə nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və yaxud 2 milyard 579 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Kəsirin ÜDM-ə nisbəti 2,4 faiz səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 14 milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri 16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 milyard 750 milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.

Diqqətə çatdırılıb ki, növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat proqnozlaşdırılır.

2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 213 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 646 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə 2 milyard 393 milyon manat təşkil edəcək.

Maliyyə naziri deyib ki, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin layihələri “Büdcə sistemi haqqında” Qanunun tələbləri və büdcə qaydası ilə müəyyən edilən yuxarı hədlər gözlənilməklə hazırlanıb, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi artımı, əhalinin maddi rifahının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradır.

Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. O, müzakirəyə çıxarılan büdcə layihəsinin mürəkkəb qlobal şəraitə təsadüf etdiyini deyib. Qeyd edib ki, həm qlobal iqtisadiyyatda baş verən proseslər və gərgin geosiyasi şərait fonunda, həm də torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının gələcək inkişafını təmin edəcək yeni iqtisadi kursun uğurla başlaması büdcə siyasətinə öz təsirini göstərir.

Nazir cari ildə ölkə iqtisadiyyatındakı vəziyyət barədə məlumat verib, ötən dövr ərzində iqtisadiyyatın müxtəlif sahələrində müşahidə edilən inkişafdan söhbət açıb, bir sıra rəqəmlər səsləndirib.

Sonra Mikayıl Cabbarov bildirib ki, ölkəmiz postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsi ilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümlüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi iqtisadiyyatın qlobal dəyişikliklər zəncirinə səmərəli inteqrasiyasını təmin edir. Beləliklə, Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifaha malik cəmiyyətin qurulması istiqamətində hədəfləri gerçəkləşdirmək əzmindədir.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın bu prioritetlərə əsaslanaraq hazırlandığını deyən nazir 2023-cü il üzrə iqtisadiyyata dair proqnozlarla bağlı fikirlərini açıqlayıb. Qeyd edib ki, sosial-iqtisadi proqnozlar strategiyanın əhatə etdiyi bütün fəaliyyət və alt-fəaliyyət sahələri üzrə aparılacaq islahatların və görüləcək işlərin son nəticələrini əks etdirəcək hədəflər üzərində qurulub. Bu hədəflər dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyaların məkanı, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi strateji istiqamətləri əhatə edir.

Mikayıl Cabbarov bildirib ki, 2023-cü il və orta müddətli dövr üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makro-iqtisadi proqnozlar 2022-2026-cı illərə dair sosial-iqtisadi strategiyadan irəli gələn hədəflərə söykənməklə yanaşı, 3 proqnoz ssenaridə – baza-hədəf, optimist və pessimist ssenarilərdə hazırlanıb. Ssenarilər arasında əsas fərqlər neftin qiyməti ilə yanaşı, həm də qlobal iqtisadi risklərin reallaşması dərəcəsi, ölkə iqtisadiyyatının regionda yaranmış yeni imkanlardan və fürsətlərdən yararlana bilməsi qabiliyyəti, habelə strategiyanın icra keyfiyyəti ilə ölçülür. Baza-hədəf ssenaridə ÜDM-in növbəti ildə 2,7 faiz, 2023-2026-cı illərdə isə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in növbəti ildə 4,5 faiz 2023-2026-cı illərdə isə orta illik hesabla 4,9 faiz artacağı proqnozlaşdırılır. Optimist ssenaridə növbəti ildə ÜDM-in 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 5,6 faiz, pessimist ssenaridə növbəti ildə ÜDM-in 1,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 2 faiz artacağı proqnozlaşdırılır.

Qeyd edilib ki, büdcə zərfində əks olunan makro-iqtisadi proqnozlar baza-hədəf ssenarini özündə ehtiva edir. Həmin proqnozlarda dövlət büdcəsində olduğu kimi, neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülür.

Bildirilib ki, iqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatı ilə bağlıdır. Proqnozlara əsasən, orta müddətli dövrdə neft hasilatının 2021-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir. Əmtəəlik qaz hasilatının 2026-cı ildəki azalmaya qədər illər üzrə artacağı gözlənilir. Qeyd olunan amillər nəzərə alınaraq, neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 0,4 faiz, 2023-2026-cı illərdə isə orta illik hesabla 0,3 faiz artacağı proqnozlaşdırılır. Orta müddətli dövrdə şaxələnmənin mühüm istiqamətləri kimi qeyri-neft sənayesi, turizm, İKT və nəqliyyat sahələrində daha yüksək artım templəri, ümumilikdə isə qeyri-neft sektorunun bütün sahələrində müsbət iqtisadi artımın olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2021-ci ilin qiymətləri ilə, 2021-ci ildəki 62,2 faizdən 2026-ci ildə 68,5 faizə yüksəlməsi proqnozlaşdırılır. Proqnozlara əsasən, 2026-cı ildə adambaşına ÜDM 2021-ci ilə nisbətən 1,2 dəfə artacaq. Qiymət artımına təsir edən xarici və daxili amillər nəzərə alınmaqla, orta illik inflyasiya 2023-cü ildə 6,9 faiz, 2024-2026-cı illər ərzində isə strategiyada müəyyən edilmiş hədəf diapazonunda proqnozlaşdırılır.

Sonra iclasda fasilə elan edilib.

Fasilədən sonra Sahibə Qafarova Fransa Senatının Azərbaycan barəsində qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məsələsinin gündəliyə salınması təklifini irəli sürüb. Parlamentin sədrinin dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu aksiyaya Milli Məclisin münasibət bildirməsinin zəruri olduğu bildirilib. Qeyd edib ki, həm bu qətnamə, həm də Fransanın son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məqsədəuyğundur.

İclasda Milli Məclisin bəyanatı ilə bağlı məsələ gündəliyə daxil edilib.

Sonra Milli Məclisin sədri məsələ ilə bağlı çıxış edib.

Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olduğumuzu bildirən sədr 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını xatırladıb. O diqqətə çatdırıb ki, son 2 ildə Fransa parlamenti bir neçə dəfə ölkəmiz barəsində ədalətsiz mövqe nümayiş etdirib. O cümlədən, Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiyadır. Milli Məclisin sədri bildirib ki, hər sətrindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir.

Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar.

Milli Məclisin sədri qeyd edib ki, erməni şovinizminin Cənubi Qafqazda geosiyasi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı hamıya məlumdur.

Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə və proseslərə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağıran Sahibə Qafarova yalançı erməni təbliğatının təsiri altında və siyasi dividendlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün bütün məsuliyyətin bütünlüklə Fransa tərəfinin üzərinə düşdüyünü vurğulayıb.

Məsələnin müzakirələrində deputatlar Sevil Mikayılova və Fəzail Ağamalının çıxışından sonra sədr bəyanatın mətnini hazırlamaq üçün komissiya yaradılması ilə bağlı təklifini səsləndirib.

Deputatlar, sədr Səməd Seyidov, üzvləri isə Zahid Oruc, Sabir Hacıyev, Ramin Məmmədov, Asim Mollazadə, Arzu Nağıyev və Sədaqət Vəliyeva olmaqla komissiyanın tərkibini təsdiqləyiblər.

Müzakirələrin davamında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Rafael Hüseynov, Cavid Osmanov, Şahin İsmayilov, Naqif Həmzəyev, Elnur Allahverdiyev, Tahir Kərimli, Aydın Mirzəzadə, Aydın Hüseynov çıxış ediblər.

Deputatlar Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, islamofob və Azərbaycana qarşı düşmən fəaliyyətini kəskin tənqid ediblər. Onlar Fransanın beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz ediblər. Qeyd ediblər ki, Fransa Senatının qəbul etdiyi məlum son qətnaməsi də həqiqətlərdən və reallıqlardan uzaqdır, erməni təbliğatına əsaslanır və beynəlxalq hüququ ayaqlar altına almaqla Fransanın özünün imza atdığı sənədlərə ziddir. Deputatlar bu qərəzli mövqenin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmədiyini, regionda sülh quruculuğu səylərinə böyük zərər verdiyini bildiriblər.

Sonra deputat Ramin Məmmədov hazırlanmış bəyanatın mətnini səsləndirib.

Sənəd səsə qoyularaq qəbul olunub.

(Bəyanatın mətni qəzetin 17 noyabr nömrəsində dərc edilib).

Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanununun layihəsinin birinci oxunuşu davam etdirilib.

Çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari ilin ötən dövründə Mərkəzi Bankın ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində göstərdiyi fəaliyyətindən söz açıb, qlobal mühitdə baş verən proseslərin dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş ölkəmizə təsirlərindən danışıb. Qeyd edib ki, son 10 ayda strateji valyuta ehtiyatları 6 faiz artaraq 56 milyard ABŞ dollarını üstələyib, o cümlədən Mərkəzi Bankın ehtiyatları 10,3 faiz artaraq 7,8 milyard ABŞ dollarına çatıb. İdxal olunan inflyasiyadan bəhs edən Taleh Kazımov Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində həyata keçirdiyi inflyasiyanın azaldılması və maliyyə sabitliyinin gücləndirilməsi tədbirlərinə toxunub.

O, bildirib ki, son 10 ayda bank sektoruna və manata inam əhəmiyyətli dərəcədə artıb. Belə ki, fiziki şəxslərin manatla əmanətləri 29,5 faiz artaraq 7 milyard manata çatıb.

Qeyd olunub ki, Mərkəzi Bankın siyasətinin əsas istiqamətlərindən biri də ölkədə nağdsız ödənişlərin artırılmasıdır. Belə ki, ilin 9 ayında ötən ilin eyni dövrünə nəzərən ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi 2,2 dəfə artaraq 16,5 milyard manata çatıb.

Mərkəzi Bankın sədri 2023-cü ilin dövlət və icmal büdcə layihələri ilə bağlı bildirib ki, gələn il və ortamüddətli dövrə təqdim edilən makroiqtisadi çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir və Mərkəzi Bank növbəti ilin dövlət büdcəsinin də fiskal qayda əsasında tərtibini müsbət qiymətləndirir. İnflyasiya təzyiqlərini də nəzərə almaqla Mərkəzi Bank büdcə kəsirinin minimallaşdırılmasına və qeyri-emissiya mənbələri ilə örtülməsinə tərəfdardır. Bu baxımdan 2022-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2023-cü ildə büdcə kəsirinin azaldılması müsbət dəyərləndirilib.

Taleh Kazımov çıxışında Mərkəzi Bankın 2023-cü il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətlərinin əsas istiqamətlərini də diqqətə çatdırıb. Qeyd olunub ki, qarşıdakı dövrdə də Mərkəzi Bank maliyyə sabitliyinin qorunmasını və maliyyə vasitəçiliyinin genişləndirilməsini diqqətdə saxlayacaq, öz mandatına uyğun ölkədə makroiqtisadi sabitliyi və inkişafı dəstəkləyəcək.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və bu qanunla birgə təqdim edilmiş sənədlərə Palata tərəfindən hazırlanmış rəyi təqdim edib.

Bildirilib ki, aparılan təhlillər büdcə sənədləşməsində məlumatlılığın və keyfiyyətin artırılması istiqamətində işlərin davam etdiyini, Hesablama Palatasının əvvəlki rəylərində qeyd edilmiş bəzi məsələlərin nəzərə alındığını göstərir.

Diqqətə çatdırılıb ki, ilk dəfə olaraq “Büdcə zərfi”ndə qanunvericiliyin tələbinə müvafiq olaraq xalis maliyyə aktivləri barədə arayış verilib. Hazırda xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50 faizdən yuxarıdır. Büdcə siyasətinin həyata keçirilməsi üçün makrofiskal çərçivəni ehtiva edən büdcə qaydasının hər iki göstəricisi üzrə 2023-cü il üçün hədəflər proqnozlarda gözlənilib.

Palata sədri rəydə dövlət büdcəsinin əsas parametrləri ilə bağlı əks etdirilmiş bəzi nəticələr barədə məlumat verib. Bildirilib ki, müstəqillik tariximizdə ilk dəfədir ki, həm hüquqi şəxslərin mənfəət vergisi, həm də ƏDV üzrə daxilolmaların həcmi 6,0 milyard manatın üzərində proqnozlaşdırılıb. 2023-cü ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payında kiçik də olsa, azalma proqnozlaşdırılıb. Növbəti ildə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin yenidən baxılmış göstəricisinə nisbətən artımla proqnozlaşdırılıb. Qeyd edilib ki, növbəti ilin büdcəsini fərqləndirən məqamlardan biri də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın reallaşdırılmasının büdcə siyasətinin müəyyən edilməsi zamanı əsas strateji makrofiskal çağırışlar arasında yer almasıdır. İlk dəfə olaraq ölkənin strateji sənədinin maliyyə təminatı dövlət büdcəsinin layihəsində ayrıca göstərilib. Strategiyanın maliyyə təminatı üzrə nəzərdə tutulmuş xərclərin büdcədə payı 16faizdən çox proqnozlaşdırılıb. Bildirilib ki, Palata tərəfindən dövlət büdcəsi layihəsinin strategiyaya uyğunluğu da qiymətləndirilib.

Vüqar Gülməmmədov çıxışında dövlət maliyyəsinin idarəedilməsi üzrə bəzi məqamları və bu istiqamətdə Hesablama Palatasının tövsiyələrini də diqqətə çatdırıb.

Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ətrafında müzakirələr aparılıb. Deputat Mahir Abbaszadə sənəd barədə fikirlərini səsləndirib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb. 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 17-də davam etdiriləcək.