Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün görüləcək tədbirləri açıqladı

Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ərzaq təhlükəsizliyi bundan sonra da dünya üçün qlobal prioritet olacaq.

“Əlbəttə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli vəzifədir. Bu məqsədlə Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır.

Bildiyiniz kimi, 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb. Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaqdır. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur”, – deyə nazir bildirib.

O qeyd edib ki, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100 faizlik lokalizasiyaya nail olmaqdır.

“İdxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur. Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəfərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafıdır.

Regionların spesifikası nəzərə alınmaqla, məh-sul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərin-dən geniş istifadə ediləcəkdir”, – deyə nazir bildirib.