“Mercedes” ardıcıl səkkizinci dəfə Konstruktorlar kubokunu qazanıb

Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Mercedes” komandası ardıcıl səkkizinci dəfə Konstruktorlar kubokunu qazanıb. Hesabında 613,5 xal olan Almaniya təmsilçisi birinci olub. Liderdən 28 xal geri qalan “Red Bull Racing” ikinci, 323,5 xalla “Ferrari” üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar kubokunu ən çox “Ferrari” komandası qazanıb. İtaliya təmsilçisi 16 dəfə birinci olub. “Uilyams” komandası 9, “Mercedes” və “McLaren” isə 8 dəfə çempionluğu bayram ediblər.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu.