“Memorial. Vətən müharibəsi şəhidləri” kitabı təqdim olundu

“Memorial. Vətən müharibəsi şəhidləri” kitabının təqdimat mərasimi keçirilb. “LIBRAFF Park Akademiya” kitab mağazasında baş tutan tədbirdə millət vəkilləri, yazıçılar, mədəniyyət və incəsənət xadimləri, “YAŞAT” Fondunun nümayəndələri, şəhid ailələrinin üzvləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr edilən üç cilddən ibarət kitabın I cildi bu günlərdə işıq üzü görüb. TEAS Press Nəşriyyat evinin çapa hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqqında ensiklopediya da adlandırmaq olar. Kitaba Vətən müharibəsində (27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin davam etdiyi 2021-ci il dekabrın 31-dək olan müddətdə şəhadətə ucalmış qəhrəmanlarımız barədə məlumatlar daxil edilib. Bu kitabda soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə başlayan 957 Vətən müharibəsi şəhidi haqda məlumatlar yer alıb. Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son rəsmi məlumatları əsasında tərtib olunub.

“Memorial. Vətən müharibəsi şəhidləri” kitabı təqdim olundu

​ “YAŞAT” Fondunun informasiya dəstəyi ilə çapa hazırlanan kitabın I cildinin bütün nüsxələri hər şəhid ailəsinə bir ədəd olmaqla təqdim edilib, yerdə qalan kitabların satışından əldə edilən gəlir isə “YAŞAT” Fonduna ianə olunacaq. Hazırda kitabın ikinci və üçüncü cildləri çapa hazırlanır, onlar da bu il işıq üzü görəcək.