Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” proqramına başlayır

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” proqramına başlayır.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Media könüllüləri” proqramı “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu və Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən keçirilir.

“Media könüllüləri” proqramının məqsədi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. “MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.

Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunub:

− Sahə üzrə təhsil

− İntizamlılıq

− Təşkilatçılıq

− Kollektivdə işləmək bacarığı

− Operativlik

− Kompüter bacarığı

− Təşəbbüskarlıq

“MEDİA könüllüləri” proqramı 2 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər proqramın sonunda Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.

Müraciət üçün son qeydiyyat tarixi 5 sentyabrdır. Media könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər https://media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Əlavə suallar üçün: Volunteers@media.gov.az