Mardində ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 16-ya yüksəlib

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən zəncirvari avtomobil qəzası nəticəsində ölənlərin sayı 16-ya yüksəlib. Hadisə zamanı 29 nəfər yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Ədliyyə naziri Bəkir Bozdağ hadisə ilə bağlı istintaqın başladıldığını deyib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə qəza baş verən bölgəyə yola düşdüyü bildirilir.

Xatırladaq ki, hadisə avqustun 20-i axşam saatlarında Mardinin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyasının yaxınlığında baş verib. Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər bir yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçilərinə və vətəndaşlara çırpılıb.