Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər

Sentyabrın 18-də – Milli Musiqi Günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Sonra dahi bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.

Mərasimdə çıxış edən nazir A.Kərimov bildirib ki, sentyabrın 18-i Azərbaycan xalqı üçün mühüm tarixlərdən biridir. Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, elə bir şəxsiyyətdir ki, ondan sonra Azərbaycan musiqisində yeni bir cərəyan yaranıb. Qarabağda, mədəniyyət beşiyimiz Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyətimiz bir çox məsələlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. O, tanınmış musiqiçi olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi idi. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, Azərbaycan və Azərbaycan musiqisi üçün bir simvoldur.

Nazir, həmçinin qeyd edib: “Üzeyir Hacıbəyliyə hörmət əlaməti olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir ki, xalqımız bu günü qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Bu qayğı göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirilir. Biz bu il də festivalı keçirməyi planlaşdırmışdıq. Ancaq cəbhədə baş verən məlum hadisələrlə bağlı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq biz bu festivalı təxirə saldıq”.

Sonda nazir Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, önünə gül dəstələri düzüblər.