Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan bizə əsirlikdə olarkən çox işgəncələr veriblər

Azərbaycanlı əsirlərə işgəncələr verən erməni cinayətkarlar, o cümlədən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan törətdikləri əməllərə görə cavab verməlidirlər.

AZƏRTAC xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 2-də Yasamal Rayon Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkən qismində dindirilən Kamil Babayev jurnalistlərə müsahibəsində deyib.

K.Babayev bildirib ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan bizə əsirlikdə qaldığımız müddətdə zülm verən şəxslərdən olublar. Şuşa həbsxanasında olarkən onlar bizə zülm verib, qan uddurublar. Anadan əmdiyimiz südü burnumuzdan gətiriblər. Elə işgəncə yoxdur ki, bədənimdə izləri qalmasın. Bədənimdə siqaret söndürüb, xaç şəkli çəkiblər”.