Lənkəranda Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb

Avqustun 28-i Xalq artisti, unudulmaz sənətkar, Azərbaycan muğamlarının mahir ifaçısı Rübabə Muradovanın vəfatının ildönümüdür. Bu münasibətlə Qəni Vəliyev adına Lənkəran Mədəniyyət Mərkəzinin Şağlaser Kənd Sənətkarlıq Evində görkəmli muğam ustasının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə Şağlaser Kənd Sənətkarlıq Evinin mədəni təşkilatçısı, Rübabə Muradova irsinin tədqiqatçısı Əli Əkbərov xanəndənin bənzərsiz ifaçılıq sənəti barədə danışıb.

Qeyd olunub ki, cəmi 50 il ömür sürən Rübabə Muradova Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaradıb.

Rübabə Muradova teatrda işləməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olub, milli muğamlarımızı, xalq mahnılarımızı, bəstəkarların əsərlərini istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda yüksək şövqlə təbliğ edib.

Tədbirin sonunda unudulmaz sənətkarın həyat və yaradıcılığını əks etdirən “Şərqin Leylisi” adlı foto-sərginin təqdimatı olub.