Hazırda təşkilatın rəhbərinin müavini olan Taalatbek Masadikov 2026-cı il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi olacaq.
“Report”un məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, cümə axşamı Bişkekdə keçiriləcək KTMT sammitində Rusiya, Qırğızıstan, Belarus və Tacikistan liderləri iştirak edəcəklər.
“Təbii ki, sessiyada (KTMT Kollektiv Təhlükəsizlik Şurasının – red.) KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcək; o, yanvarın 1-də bu vəzifədən gedir. Artıq katibliyin rəhbəri postunda Qırğızıstan nümayəndəsi, hazırda KTMT baş katibinin müavini vəzifəsində çalışan Masadikov olacağı müəyyənləşib”, – deyə Uşakov jurnalistlərə bildirib.
Qeyd edək ki, 27 noyabrda Bişkekdə keçiriləcək KTMT sammitində təşkilatın yeni baş katibinin namizədliyi (2026–2028-ci illər üçün) təsdiqlənəcək.


























































