Koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə may və iyun ayları ərzində 14 milyon manatdan çox vəsait ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci ilin may və iyun ayları ərzində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 13,3 milyon manat, qeyri-tibb işçilərinə isə 1,4 milyon manat müddətli əlavə ödənilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə bu ilin may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 2 min 791,59 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdə işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə aylıq 250 manat olmaq şərti ilə may və iyun ayları üzrə 10 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Dövlət və özəl tibb müəssisələrinin göndərdiyi siyahılara uyğun olaraq agentlik iyun ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesini davam etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2021-ci il tarixli 238 nömrəli Qərarına əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il sentyabrın 1-dək uzadılıb.