Komitə sədri: “Milli Məclisdə qadın deputatların sayının artmasının tərəfdarıyıq”

“Biz Milli Məclisdə qadın deputatların sayının artmasını dəstəkləyirik. “.

Türk.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilən zamanı cəmi 4 faiz qadın uğur qazanıb: “Biz ondan sonra qadınlarla birlikdə maarifləndirmə tədbirlərinə başladıq. Hazırda bələdiyyə sistemində qadınların sayı 35 faizə çatıb. Qadınların bu sistemdə sayının çox olması təqdirəlayiqdir. Biz də bunun tərəfdarıyıq. Biz eyni zamanda Milli Məclisdə qadın deputatların sayının artmasını da dəstəkləyirik”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində xeyli inkişaf var: “Qadınlar bir çox ölkələrdə əhalinin, demək olar ki, çox hissəsini təşkil edirlər. Azərbaycanda isə demək olar ki, qadın və kişi sayı bərabərdir. Azərbaycanda çox güclü, düzgün balanslaşdırılmış gender siyasəti yürüdülür. Təbii ki, problemsiz cəmiyyət yoxdur. Sadəcə olaraq cəmiyyətə qayğı ilə yanaşmaq lazımdır. Biz bu qayğını dövlət səviyyəsində görürük. Azərbaycanda qəbul olunan bütün qanunlar, fərmanlar, sərəncamlar öz daxilində gender komponenti daşıyırlar”.