Kazanda XIV Beynəlxalq Müsəlman Kino Festifalı başlayır

Tatarıstan paytaxtında XIV Kazan Beynəlxalq Müsəlman Kino Festifalı başlayır.

Türk.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sentyabrın 5-dən başlayaraq 11-dək davam edəcək festivala 56 ölkədən rekord sayda – 970-dək ərizə göndərilib.

Builki müsabiqənin proqramına 65 film, o cümlədən “Tammetrajlı oyun filmləri”, “Qısametrajlı oyun filmləri”, “Tammetrajlı sənədli filmləri”, “Qısametrajlı sənədli filmləri”, “Gənc Rusiya” nominasiyalarının hər birinə 10 film, “Milli müsabiqə” nominasiyasına isə 15 film təqdim olunub.

Festivalın münsiflər heyətinə azərbaycanlı rejissor Oqtay Mirqasım, italiyalı sənədli kino rejissoru Emanuel Ceroza, polyak mənşəli aktyor Marek Proboş, Oran Beynəlxalq Kino Festivalının direktoru əlcəzairli Seddiki İbrahim, qırğızıstanlı kino rejissoru, ssenarist və prodüser Ernest Abdıjaparov, tunisli kino rejissoru Rəşid Ferşiu və başqa tanınmış kino xadimləri daxil edilib. Münsiflərin başçısı isə tanınmış türkmənistanlı aktrisa Maya Gözəl Əymədovadır.

Kazan Beynəlxalq Müsəlman Kino Festifalı 2005-ci ildən etibarən keçirilir, 2010-ci ilədək Qızıl Minbər adını daşıyırdı. Festivalın şüarı isə dəyişməzdir – “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə doğru”.