Kəlbəcərlilər ölkə başçısının fərman və sərəncamlarını rəğbətlə qarşılayıblar

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən bir qrup kəlbəcərli seçici ilə görüş keçirilib.

Millət vəkilinin adından seçiciləri salamlayan, Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, ölkə başçısının tapşırığına əsasən dövlətin ali struktur rəhbərləri, eyni zamanda Milli Məclisin deputatları mütəmadi olaraq qaçqın və məcburi köçkünlərin qayğıları ilə maraqlanır, onların problemlərinin həlli ilə məşğul olurlar.

Həbib Misirov seçicilərin nəzərinə çatdırıb ki, dövlət başçısı və ölkənin Birinci vitse-prezidenti mütəmadi olaraq bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görürlər.
O, 2019-cu ilin əvvəlindən ölkədə aparılan islahatları inqilabi dəyişikliklər adlandırıb və bildirib ki, əhalinin bütün təbəqələri kimi, qaçqın və məcburi köçkünlər də ölkə Prezidentinin son günlər imzaladığı sosial yönümlü fərman və sərəncamları rəğbətlə qarşılayıblar.
Görüşdə iştirak edən kəlbəcərli seçicilər ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Xüsusi vurğulanıb ki, ölkə başçısının fevral ayının 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncamı onların rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Eyni zamanda onlar son günlər tələbələrin, magistrantların və doktorantların təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərmanın verilməsini yüksək dəyərləndiriblər. Qeyd olunub ki, onlar bu müsbət dəyişikliklərin hər birini öz ailələrində, həyatlarında hiss edirlər və bütün bunlara görə bir daha ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz hörmət və ehtiramlarını ifadə edirlər.
Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərli seçiciliər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər.

Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.