Jurnalistlər uşaq hüquqları ilə bağlı təlimdə iştirak etdilər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində Azərbaycan jurnalistləri üçün keçirilən təlimin mövzusu “Media və uşaq hüquqları: uşaqlar haqqında informasiya hazırlanmasının şərtləri” idi. Ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələrinin iştirak etdiyi iki günlük təlimin eksperti Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli idi.

Təlimin ilk günündə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  əməkdaşı Şakir Səfərbəyov təlimin məqsədindən danışıb.

Daha sonra təlimin eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli “Uşaq hüquqları və onun qorunmasının hüquqi əsasları”, “KİV və uşaq hüquqları: KİV-də uşaq hüquqlarının qorunmasını tənzimləyin qanunlar”, “Ənənəvi KİV və internet informasiya resurslarında, sosial şəbəkələrdə uşaqlar haqqında informasiya verilməsinin mövcud durumu”, “Jurnalistlərin peşə davranışı qaydaları və uşaq haqları” mövzusunda slayd – təqdimatlar etdi.

Jurnalistlərlə qarşılıqlı diskissiya şəraitində keçirilən təlimdə uşaqların malik olduqları müstəsna hüquqlar və hüquqi normalar, uşaq hüquqlarını qoruyan beynəlxalq qanunlar media mənsublarının diqqətinə çatdırıldı.

Daha sonra  ekspert  KİV-də uşaqlarla bağlı xəbərlərin, verilişlərin və müsahibələrin hazırlanma qaydası barədə geniş məlumat verərək bildirdi ki, bəzi hallarda bu sahədə yanlışlıqlara yol verilir. O qeyd etdi ki, bəzi media nümayəndələri, həmçinin media qurumları fərqinə varmadan və ya bilərəkdən oxucu toplamaq naminə uşaqları cinayətə sövq etdirən xəbərlər tirajlayırlar.

Təlim zamanı aparılan müzakirələr praktiki iş şəraitində keçdi. Qrup halında işləyən jurnalistlər uşaqlarla bağlı hazırlanan xəbərləri nəzərdən keçirib yol verilən yanlışlıqlar barədə söz açdılar. Cinayət törətmiş və ya cinayət qurbanı olmuş uşaqlarla bağlı sosial mediada, həmçinin TV-lərdə yayımlanmış bəzi xəbərlər analiz edildi.

Daha sonra uşaqların — sosial şəbəkələrdə, sosial mediada yayılmış yararsız, zərərli informasiyadan qorumağın yolları ətrafında geniş fikir mübadiləsi aparıldı.

Təklif olundu ki, uşaqları sosial şəbəkələrin zəzərlərindən qorumaq üçün dünya ölkələrinin praktikasından istifadə olunsun. Ekspert Müşfiq Ələsgərli bildirdi ki, Mətbuat Şurası da uşaqları zərərli informasiyalardan qorumaq üçün yollar axtarır. Şura tərəfindən bu məqsədlə orta məktəblərdə informasiya dərsinin keçirilməsi təklif edilib.

Qızğın diskussiya şəraitində və maraqlı təkliflərlə keçən təlimin sonunda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  nümayəndəsi Şakir Səfərbəyov bildirdi ki, hər zaman jurnalistləri maraqlandıran mövzularda təlimlər keçirməyə hazırdırlar.

Sevda Elay Əsgərova