İstanbulda Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş “Qara paltarlı qadın” (Siyah montlu kadın) romanının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsinə dair Sərəncamına əsasən təşkil olunub.
Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı, eləcə də nəşri ərsəyə gətirən “Humanist” nəşriyyatının dəstəyi ilə keçirilib.
Mərasimdə çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva Maqsud İbrahimbəyovun Azərbaycanın yetişdirdiyi ən dəyərli şəxsiyyətlərindən biri olduğunu bildirib. O, çağdaş Azərbaycan düşüncələrini ədəbiyyatın dili ilə anladan yazıçının yalnız ölkəmizə deyil, fərqli bölgələri əhatə edən geniş coğrafiyaya ithaf etdiyini vurğulayıb.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxışında tədbirin təşkilinə görə təşəkkürünü bildirərək, bu kitabla Türkiyə oxucusunun Maqsud İbrahimbəyovu daha yaxından tanıyacağına inamını ifadə edib.
Sonra Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhs edən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən İstanbulun Üsküdar Universitetinin rektoru professor Nazife Güngör Azərbaycan ilə Türkiyə arasındakı mədəni bağlardan danışıb, Azərbaycan mədəniyyətinin özünəxas xüsusiyyətlərindən bəhs edib.
Professor ədəbiyyatın Azərbaycan mədəniyyətinin təməllərindən biri olduğunu qeyd edib.
İstanbulun tarixi baxımdan xüsusi ab-hava əks etdirən “Tophane-i Amire” Mədəniyyət və Sənət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.