İstanbul boğazında partlayıcı maddə aşkar olunub

Bosfor boğazının İstanbul sahillərinə yaxın hissəsində minaya bənzər obyekt aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Məlumata əsasən, obyekt bu gün səhər saatlarında mülki ticarət gəmisi tərəfindən aşkar edilib. Bunun ardından bölgəyə Türkiyənin Sualtı Müdafiə Qrupları (SAS) göndərilib.

Sözügedən minaya bənzər obyekt SAS qrupları tərəfindən mühafizə olunub və onun zərərsizləşdirilməsi üçün müdaxiləyə başlanılıb.

Araşdırmalar nəticəsində köhnə tip olduğu müəyyən edilən maddə SAS qrupu tərəfindən zərərsizləşdirilib.