İran polisi Britaniya səfirini tanımadığı üçün saxlayıb

Böyük Britaniyanın səfiri hökumət əleyhinə qanunsuz və icazəsiz aksiyada iştirak edib. Buna görə də polis onu tanımadığı üçün saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı söyləyib. A. Ərakçı deyib: “Polisdən mənə zəng vurub dedilər ki, qanunsuz aksiyada saxlanılan xarici vətəndaş iddia edir ki, Böyük Britaniyanın İrandakı səfiridir. Bu sözü eşidəndə mən çox təəccübləndim və fikirləşdim ki, səfirin qanunsuz aksiyada nə işi var? İnanmadım. Lakin onunla telefonda danışanda inandım ki, bu adam Böyük Britaniyanın ölkəmizdəki səfiri Roberta Makkeyradır. Bundan sonra onu dərhal azad ediblər”.

Qeyd edək ki, dünən Böyük Britaniyanın İrandakı səfiri qanunsuz aksiyada iştirak etdiyinə görə polis tərəfindən bir neçə saat saxlanılıb. Sonra səfiri İranın Xarici İşlər Nazirliyinə çağıraraq xəbərdarlıq ediblər.