İran KİV: General işdən çıxarılıb, lakin ABŞ səfirliyinə sığınmayıb – YENİLƏNİB

    “Fars” agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Əli Nasiri tutduğu vəzifədən azad olunduqdan sonra ölkədən qaçması barədə yayılan xəbərləri təkzib edib.

    “Report”un həmin agentliyə istinadən verdiyi məlumata görə, o deyib ki, 36 ildir xidmət edir və belə yerdəyişmə halları çox olub. Keçmiş komandan vəzifəsini tərk etməsi ilə bağlı mərasimin aprelin 20-də keçirildiyini söyləyib.


    *** 16:38

    İran İnqilab Keşikçiləri Qvardiyasının Əks-kəşfiyyat təşkilatının sabiq komandanı, keçmiş briqada generalı Əli Nasiri məxfi sənədləri götürərək ölkədən qaçıb.

    “Report” “İran.ru”ya istinadən xəbər verir ki, bu barədə “İran Commentary” məlumat yayıb.

    Bildirilib ki, qvradiya kəşfiyyat təşkilatının başçısı Hüseyn Taebi ilə Nasiri arasında aprelin 11-də görüş olub. Görüşdə mübahisə düşüb. Nasiri görüş yerini vaxtından qabaq tərk edib.

    Bundan sonra Əli Nasiri iki gün işə çıxmayıb. Məlumata görə, növbəti araşdırmalar zamanı onun İrandan qaçdığı məlum olub. O, Hüseyn Taebinin yaxın adamı sayılırmış.

    “Iran Commentary” bildirib ki, İnqilab Keşikçiləri Qvardiyasının araşdırması nəticəsində onun körfəz ölkələrindən birinə qaçdığı və orada ABŞ səfirliyindən sığınacaq aldığı məlum olub.

    Ehtimal edilir ki, Nasiridə qvardiyanın yüksək vəzifəli və rütbəli şəxslərinin, kəşfiyyat təşkilatındakı əməkdaşların, əməliyyat taqımlarının ezamiyyətləri, xaricə səfərləri barədə irihəcmli sənədlər olub və onları özü ilə aparıb.

    İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri briqada generalı Fətullah Camiri qvardiyanın Əks-kəşfiyyat təşkilatına komandan təyin edib.

    Əks-kəşfiyyat təşkilatı uçuşların, dövlət məmurlarının özlərinin və fəaliyyətinin, eləcə də İrana səfər edən yüksək vəzifəli xarici qonaqların təhlükəsizliyini təmin edir. Bu qurum 1985-ci ildə yaradılıb.