İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 32% artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-ci ili 9,503 milyon manat mənfəətlə başa vurub.

“Report” Fonda istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 31,5% çoxdur.

Bu il yanvarın 1-nə İKZF-nın kredit portfeli 1 411,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,1% çoxdur.

Hesabat dövründə Fondun cəlb etdiyi vəsaitlərin məbləği isə 21,4% artaraq 1 131,2 milyon manata, məcmu kapitalı isə 9,8% artaraq 900,6 milyon manata çatıb.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.