İnterneti icad edən şəxs onu məhv etmək fikrinə düşüb

Müasir İnternetin “atası” Timoti Berners-Li “İnrupt” adlı yeni strukturu təqdim edib. Bu layihə çərçivəsində istifadəçilərə öz məlumatlarını müstəqil saxlamaq hüququ verən proqram əlavələri yaradılacaq.

AZƏRTAC “Business Insider” nəşrinə istinadla xəbər verir ki, “Inrupt” strukturu genişmiqyaslı “Solid” layihəsinin kommersiya tərəfini təmin edəcək. Berners-Linin komandası artıq neçə ildir ki, bu layihə üzərində işləyir. Açıq kodlu bu platforma bütün istifadəçilərin öz şəxsi informasiyasını harada saxlamağı və onu kimlərlə bölüşməyi seçməsinə imkan verir.

Bu prinsip şəbəkədə məlumatların saxlanmasının mövcud qaydalarına ziddir. Həmin qaydalara görə, bütün istifadəçilər şəxsi informasiyanı böyük IT-şirkətlərə— axtarış sistemlərinə, sosial şəbəkələrə, messencerlərə verirlər. Korporasiyalar bütün məlumatları öz serverlərində saxlayan inhisarçıdır. Bu yanaşma məlumat massivlərini haker hücumları üçün zəif edir.

“Solid” sistemi verilənlərin DWeb-də və ya desentralizasiya olunmuş internetdə mübadiləsi və saxlaması üçün bir vasitədir. Belə sistemdə informasiya serverlərdən yan keçərək ötürüləcək. Bu sistemin tərəfdarlarının fikrincə, həmin fakt korporasiyanın və dövlətin istifadəçilərin həyatına müdaxiləsini minimallaşdırır. Berners-Li dəfələrlə bildirib ki, o hələ neçə onillik bundan əvvəl İnternetin məhz bu şəkildə olacağını fikrində tuturdu.

Berners-Li deyib: “Əldə etdiyimiz bütün yaxşı nəticələrə baxmayaraq, İnternet ondan öz şəxsi məqsədləri üçün istifadə edən qüvvələrin təsiri altında qeyri-bərabərlik və ayrı-seçkilik vasitəsinə çevrilib”. Onun fikrincə, məhz indi dünya şəbəkəsinin tarixində böhranlı dönüş anı başlanıb. Bu vəziyyətdə onun fəaliyyət tərzini dəyişmək lazımdır.