İnstaqramda vətəndaşların şəkillərini əxlaqsız formada yayacağı ilə onları hədələyərək pul tələb edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta instaqram hesablarında yaydığı barədə məlumatlar daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Onunla bağlı aparılan araşdırmalarla müəyyənləşdirilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-yə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.

Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

“Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq”, – deyə məlumatda bildirilib.