İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jurnalistlər üçün təlim təşkil edib

İyulun 19-u və 20-də Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya və innovasiya ekosistemi haqqında yazan jurnalistlər üçün tanınmış ekspertlərin iştirakı ilə peşəkar təlim təşkil edib.

AZƏRTAC xəbər verir ki, məqsəd Azərbaycanda müvafiq sahələrdə məqalə, xəbər və oçerklərin yazılması, reportajların hazırlanması, müsahibə texnikası və praktikası üzrə jurnalistlərin bilik və səriştələrini artırmaqdır. Yerli mətbuatın aparıcı nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə rəqəmsal transformasiyanın əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə və Azərbaycanda həyata keçirilən layihələrlə bağlı sessiyalar təşkil edilib. Təlim çərçivəsində, o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşavirləri Rəşad Xalıqov və Ağahüseyn Əhmədov geniş təqdimatlarla çıxış ediblər.

Sözügedən təlimlə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müşaviri Rəşad Xalıqov bildirib: “Agentlik olaraq qarşımızda duran əsas vəzifələrdən biri də rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi və bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsidir. Cəmiyyətdə rəqəmsallaşmanı tələb edən boşluqlar üzrə araşdırmaların aparılması və əldə olunmuş müsbət nəticələrin ictimailəşdirilməsində medianın rolu böyükdür. Təlimlər vasitəsilə biz Azərbaycanda rəqəmsallaşma və innovasiya ekosistemi haqqında müfəssəl yazan və araşdırma apara bilən professional jurnalistlər qrupunu formalaşdırmaq istəyirik. Ümidvarıq ki, bu sahədə ixtisaslaşan jurnalistlər ölkəmizdə rəqəmsal iqtisadiyyatın quruculuğuna özünəməxsus töhfə verə biləcəklər”.

Qeyd edək ki, təlim proqramında iştirak edən 20 jurnalist təmsil etdikləri media qurumlarında və cəmiyyətdə rəqəmsallaşmaya ehtiyac duyulan prioritet sahələr üzrə, o cümlədən innovasiya ekosisteminin oyunçularının yerli mətbuatın işinə verə biləcəyi töhfələr mövzusunda qrup müzakirələrində fəal iştirak edib.

Təlim proqramının sonunda Agentliyin rəhbərliyi tərəfindən jurnalistlərə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Jurnalistlərin təqdir olunması mərasimində iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə təbrik edib: “İki günlük təlim proqramımız jurnalistlərin qarşıdan gələn peşə bayramı ərəfəsinə təsadüf edir. Maarifçilik bütün dövrlərdə intibahın əsas lokomotivi olub. Agentlik olaraq innovasiya sahəsində peşəkar insan kapitalının formalaşmasına təkan vermək niyyətindəyik. Yerli media nümayəndələri üçün təşkil etdiyimiz təlim əməkdaşlığın ilkin mərhələsidir. Əminəm ki, dahi ədibimiz Həsən bəy Zərdabinin bugünkü davamçıları müasir çağırışlara cavab olaraq innovativ sahibkarlıq təfəkkürünü, yenilikçiliyi və davamlı inkişafı cəmiyyətə aşılamaqla tarixi missiyalarını uğurla davam etdirəcəklər”.

Qeyd edək ki, sözügedən əməkdaşlıq jurnalistlərin təlim ehtiyacları nəzərə alınmaqla cari il ərzində rüblük qaydada davam etdiriləcək.