İnformasiya texnologiyaları üzrə texniki dəstək operatoru istiqamətində təlimlər keçiriləcək

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “İnformasiya texnologiyaları üzrə texniki dəstək operatoru (IT Helpdesk)” istiqamətində qısamüddətli təlimlərə müraciət qəbuluna start verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimə kompüterdən istifadənin əsasları üzrə bilikləri və əməliyyat sistemləri ilə tanışlığı olan (18 yaşdan yuxarı) orta ixtisas, peşə və ya ali təhsilli şəxslər müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək.

Təlim iştirakçıları 2 ay müddətində həftədə üç dəfə (hər gün 3 saat olmaqla) keçiriləcək təlim zamanı kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin edib aradan qaldırmağı, eyni zamanda, “Microsoft Office” proqramlarından yüksək səviyyədə istifadə etməyi öyrənəcəklər.

Təlimə müraciətlər avqustun 20-dək qəbul olunur.