Ağdərə rayonunun Vəngli kəndinə yola salınan ilk köç karvanı kəndə çatıb, açarlar sakinlərə təqdim olunub.
“Report”un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər
Vəngli kəndinə ilk mərhələdə 22 ailə (83 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.