İlham Əliyev və Mehriban Əliyeva Ağcabədi rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.

“Report” xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.

Dövlətimizin başçısı və birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.