İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott “CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğuladı. Bu baxımdan Azərbaycanda islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin Azərbaycanın inkişafında əsas amillər olduğunu qeyd etdi.

Xanım Gerri Elliott Azərbaycan Hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkmə müəssisələrinin inteqrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğuladı. O, “CISCO”nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev “CISCO” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyən etdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd etdi.