İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, Mark Şnayer dinlər və mədəniyyətlərarası dialoqun təşviqi və müxtəlif dini və etnik icmaların sülh şəraitində birgə yaşaması baxımından Azərbaycanın nümunəvi dövlət olduğunu və dünyada bu işə öz töhfəsini verdiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, multikulturalizm və müxtəlif etnik və dini icmaların Azərbaycanda dinc yanaşı yaşamalarının təmin edilməsi dövlət siyasətidir və eyni zamanda, xalqımızın əsrlər boyu yaşatdığı həyat tərzidir.

Söhbət zamanı dinlər, mədəniyyətlər və sivilizasiyalararası dialoqun möhkəmlənməsi və dünyada təşviq edilməsi işində Azərbaycanda böyük önəm daşıyan beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub və ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi vurğulanıb.