BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərin böyük uğuru Azərbaycan Respublikasının intellektual və siyasi bacarıqlarını, texniki və logistik imkanlarını hər kəsə göstərdi və dünyanı heyran etdi. Bəşəriyyət iqlim dəyişikliklərinin qarşısının alınması, onun ətraf mühitə və insan mövcudluğuna təsiri ilə bağlı effektiv həllərin tapılmasına töhfə verəcək böyük konfransın şahidi oldu.
Bakıda COP29 konfransı çərçivəsində dünya dövlətlərinin və beynəlxalq təşkilatların böyük nümayəndə heyətlərinin iştirakına əlverişli imkanlar yaradıldı. Konfransın işində fəal iştirak edən beynəlxalq qurumlar arasında İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO da var idi. Təşkilatın nümayəndə heyətinə Baş direktor Salim bin Məhəmməd əl-Malik rəhbərlik edirdi.
Salim bin Məhəmməd əl-Malik AZƏRTAC-a müsahibəsində ICESCO-nun beynəlxalq iqlim tədbirində iştirakından danışıb, təəssüratlarını bölüşüb:
– ICESCO-nun COP29-da iştirakı barədə nə deyərdiniz?
– Təşkilatımız COP29-da yüksək səviyyədə iştirak etdi. Mavi Zonada bizim xüsusi pavilyonumuz qurulmuşdu. Bilirsiniz ki, Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfləri, eləcə də dövlətlərin rəsmi nümayəndə heyətləri, təsdiq olunmuş nəzarətçi statusunda olan nümayəndə heyətləri üçün nəzərdə tutulmuşdu. ICESCO da bu statusu 2023-cü ilin dekabrında alıb. Pavilyonumuzda 50-yə yaxın tədbir keçirildi, iqlim dəyişikliklərinin torpağa, mədəniyyətə və başqa sahələrə təsirləri müzakirə olundu. Bu tədbirlərdə ətraf mühitin qorunması və iqlim dəyişiklikləri üzrə ekspertlər yüksək səviyyədə iştirak etdilər.
Eyni zamanda, ICESCO konfrans çərçivəsində bir sıra təşəbbüs və mühüm strategiya irəli sürdü. Bunlardan biri “Yaşıl innovatorlar ictimai birliyi” təşəbbüsüdür. Əsas hədəf iqlim davamlılığı sahəsində ən yaxşı təcrübələrin qeydə alınması və stimullaşdırılması üçün iqlim fəaliyyətlərinin sürətləndirilməsidir. Həmçinin su resurslarının davamlılığı sahəsində əməkdaşlıq üzrə ICESCO-nun yeni platformasının təsis edilməsi, müasir təcrübələrin kənd təsərrüfatına inteqrasiyası və davamlı inkişaf üzrə təşkilatın strategiyasının elan edilməsi, İslam dünyasında təhsilin yaşıllaşdırılması üçün ICESCO Çərçivəsinin fəaliyyətə başlaması, eləcə də təşkilatın pavilyonunda Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunması tədbirləri çərçivəsində hazırlanmış “Şuşa: Azərbaycanın incisi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasiminin keçirilməsi mühüm hadisələrdən oldu.
Konfrans çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə də nail oldum. Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Təşkilatın nümayəndə heyəti Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti və Kosmik Liderlərin sammiti başda olmaqla, bir sıra yüksəksəviyyəli sammitlərdə, görüşlərdə və panel iclaslarında iştirak etdi. Həmçinin təşkilat ixtisas sahələri üzrə nazirlər və yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlər keçirdi. Bu görüşlərdə ICESCO və həmin qurumlar arasında iqlim fəaliyyəti sahəsində əməkdaşlıq müzakirə olundu.
ICESCO-nun iştirakı çərçivəsində Azərbaycan Respublikasının bir neçə qurumu ilə, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə ikitərəfli sazişlər imzalandı.
Azərbaycan Respublikasına davamlı təşkilata dəstəyinə, ICESCO-nun COP29-da xüsusi pavilyonla iştirakına imkan yaratdığına və bu iştirakı dəstəklədiyinə görə bir daha dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
– Bəs, bu qlobal əhəmiyyətli tədbirin təşkilini necə qiymətləndirirsiniz?
– Azərbaycan dünyanın iqlim və ekoloji dəyişikliklərlə mübarizə sahəsində ən nüfuzlu tədbiri sayılan Tərəflər Konfransına (COP29) ev sahibliyi edərək və təşkilatçılığı uğurla həyata keçirərək, böyük nailiyyətə imza atdı. Konfrans günlərində Azərbaycan yüksək təşkilatçılıq bacarığını, insan kapitalını və müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. Qeyd etmək istərdim ki, COP29-da 4500-dən çox gəncin könüllü kimi iştirak etməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verdi. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzlu mövqeyi onu son illərdə yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər üçün əsas məkanlardan birinə çevirib.
Bakının bu mötəbər tədbirə uğurla ev sahibliyi etməsi İslam ölkələrinin bilik və təcrübəsinin daha da zənginləşməsinə öz töhfəsini verəcək.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya COP29 konfransının uğurla keçməsi münasibətilə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Bakı dünyanın daha təhlükəsiz, təşkilatlanmış və inkişaf etmiş paytaxtlarından biri kimi iqlim fəaliyyəti sahəsində aparıcı beynəlxalq iştirakçıları bir araya gətirən belə qlobal tədbirə ev sahibliyi etməyə layiq olduğunu bir daha sübut etdi.