İƏT-in Baş katibi və yeni seçilmiş rəhbəri təşkilatın qarşısında duran vəzifələri müzakirə ediblər

Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və təşkilatın iki aydan sonra fəaliyyətə başlayacaq yeni seçilmiş rəhbəri Hissein Brahim Taha qarşıda duran vəzifələri müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, yeni seçilmiş Baş katibə fəaliyyətində uğurlar arzulayan Əl-Osaymin yeni qlobal çağırışlar fonunda İƏT-in fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, təşkilata göstərdiyi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığına da təşəkkürünü bildirib.

Görüşdə qeyd olunub ki, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsi böyük əhəmiyyətə malikdir. Hazırda dünyanın ikinci böyük dövlətlərarası təşkilatı olan İƏT 4 qitəni əhatə edir, həmçinin İslam ölkələrinin səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, müsəlmanların hüquqlarının müdafiəsində mühüm rol oynayır.

Hissein Brahim Taha ötən ilin noyabrında Nigerin paytaxtı Niameydə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasında Baş Katibliyin coğrafi bölgüsünə uyğun olaraq, rotasiya qaydasında Afrika qrupunun namizədi kimi təşkilatın Baş katibi seçilib. O, noyabrın 1-dən fəaliyyətə başlayacaq.

ƏvvəlkiAzərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər
NövbətiAzərbaycanda koronavirus infeksiyasına 3759 yeni yoluxma faktı qeydə alınıb