Hüseyn Abdullayevin anasına cinayət içi açıldı

Nəsimi Rayon Polis İdarəsində Abdullayeva Zeynəb Bayraməli qızına qarşı cinayət məcəlləsinin 326.1 (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb. 

Türk.az Demokrat.Az-a istinadən xəbər verir ki, ötən gün isə Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Zeynəb Abdullayeva barəsində istintaq altında olan zaman həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi müzakirə olunub və məhkəmə prosesi avqust ayının 17-nə kimi təxirə salınıb.

Xatırladaq ki, Abdullayeva Zeynəb Bayraməli qızı keçmiş deputat Hüseyn Abdullayevin anasıdır.  Belə ki, son illər Almaniyada yaşayan biznesmen, “Quska” ləqəbi ilə məşhur olan Hüseyn Abdullayev bu ilin aprel ayının 21-də Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Qeyd edək ki, Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü- külli miqdarda (1 514 080,49 manat)   vergidən yayınma maddəsi ilə cinayət işi başlanmışdı.

Həmçinin Abdullayeva Zeynəb Bayraməli qızı biznez fəaliyyəti ilə  məşğuldur və “Araz İNC” MMC-nin sahibidir. 2013-cü ildə hüquqi ünvanı Bakı şəhəri, Səbayel rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 olan, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Araz İNC” MMC-də aparılan vergi yoxlaması zamanı müəyyən edilib ki, cəmiyyət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov, Abdulla Şaiq, Süleyman Tağızadə, Tolstoy və Bəşir Səfəroğlu küçələrinin kəsişməsindəki 268-274-cü məhəllələrdə 2,12 hektar torpaq sahəsində inşa edilən 1 bloklu 13 yaşayış, 2 qeyri-yaşayış, 1 texniki və 2 zirzəmi mərtəbəsindən ibarət olan binanın 5242,30 kvadratmetr yaşayış və 1043 kvadrat metr qeyri-yaşayış sahəsi 2009-cu il fevralın 1-i tarixdən 2013-cü ilin 1 yanvar tarixinədək olan dövr ərzində müxtəlif şəxslərə satılaraq 8 224 450,00 manat vəsait əldə olunsa da, həmin dövriyyəni əks etdirən bəyannamələr vergi orqanına təqdim edilməyib, habelə “Araz İNC” MMC tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan tikinti-quraşdırma işləri həyata keçirilib.

İbtidai istintaq zamanı “Araz İNC” MMC-nin qeydiyyat sənədlərinə əsasən, onun təsisçilərinin Abdullayev Abbas Abdulla oğlu və Abdullayeva Zeynəb Bayraməli qızı olmasına baxmayaraq, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Abdullayev Hüseyn Abbas oğlunun həyata keçirdiyi aşkar edilib.